“Səhiyyə islahatları yeni institusional mərhələyə qədəm qoyur” - ŞƏRH

“Səhiyyə islahatları yeni institusional mərhələyə qədəm qoyur” - ŞƏRH

“Azərbaycanda səhiyyənin inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı fərman və sərəncamlarla bu sahədə islahatların yeni mərhələsinə start verilib. Yeni mərhələdə qarşıya səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması kimi mühüm hədəflər qoyulub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, son 23 ildə Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə böyük inkişaf yolu keçib:

“Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla səhiyyə sisteminin inkişafını şərtləndirən möhkəm hüquqi baza yaradılıb, müxtəlif illəri əhatə edən Dövlət proqramları qəbul edilib. Eyni zamanda, respublikamızda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlər sırasında ölkə üzrə yeni müasir xəstəxanaların tikilməsini, mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə yenidən qurulmasını, kadr hazırlığına diqqətin artırılmasını xüsusi qeyd edə bilərik.
Deputat bildirib ki, ölkəmizdə səhiyyə sahəsində islahatların yeni mərhələsi əvvəlki illərdə əldə olunan uğurların davamı kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı müvafiq Fərmanla səhiyyə sistemimizin inkişafının indiki mərhələsinə adekvat struktur dəyişikliyinin edilməsi nəzərdə tutulur. Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Dövlət başçısının imzaladığı bu Fərman səhiyyə idarəçiliyində yeni mərhələ, vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək addım kimi qiymətləndirilməlidir. Bu struktur islahatlarının əsas hədəfi səhiyyə siyasətində dağınıqlığı aradan qaldırmaq və vahid strateji koordinasiya yaratmaqdır. Yeni mərhələdə əsas diqqət xəstəxanalarda tibbi xidmətlərin əlçatanlığına, müalicə keyfiyyətinin yüksəlməsinə, şəffaflığa və vətəndaş məmnunluğuna yönəldiləcək. Səhiyyə sistemi hər bir dövlətin, o cümlədən Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, insanların həyat keyfiyyətinə, sosial rifahına və gələcəyə inamına birbaşa təsir göstərir. Azərbaycan hökumətinin də bu istiqamətdə həyata keçirdiyi islahatların başlıca məqsədi yalnız tibb müəssisələrinin fəaliyyətini təşkil etmək deyil, həm də vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək, maliyyə resurslarından səmərəli istifadə etmək və səhiyyə idarəçiliyini müasir tələblərə uyğunlaşdırmaqdır.
Millət vəkilinin fikrincə, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid dövrünün qaçılmaz və uğurlu bir mərhələsi idi: “2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçidi təmin edəcək. TƏBİB-ın Səhiyyə Nazirliyinə birləşdirilməsi isə keçid dövrünün başa çatması və artıq daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə keçiddir”.
“Səhiyyə Nazirliyinə birləşdirilən TƏBİB dövlət tibb müəssisələrini sovet dövründən qalan köhnə modeldən çıxarıb icbari tibbi sığortanın yeni maliyyələşmə sisteminə çevik şəkildə uyğunlaşdırmaq üçün yaradılmışdı. Ayrıca, operativ bir idarəetmə strukturuna ehtiyac var idi. Hədəf dövlət xəstəxanalarının menecmentini gücləndirmək, xidmət standartlarını sürətlə qaldırmaq və özəl tibb sektoru ilə rəqabətədavamlı etmək idi. Keçid dövrünün yaratdığı böyük idarəetmə yükünü və maliyyə mexanizmlərini operativ tənzimləmək üçün xəstəxanaların birbaşa xəstəxana idarəçiliyi ilə məşğul olan bir quruma (TƏBİB-ə) həvalə edilməsi o dövr üçün ən düzgün taktiki addım idi. TƏBİB missiyasını tamamladı -indi isə keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə çevrilir. Dəyişiklik edilməsində məqsəd tibbi sığorta sisteminin daha da təkmilləşdirilməsi və daha çevik, vətəndaş yönümlü modelə keçidi təmin etməkdir. Gözlənilən əsas nəticə daha çevik, koordinasiyalı, maliyyə baxımından dayanıqlı və vətəndaş məmnunluğuna yönəlmiş vahid səhiyyə idarəetmə modelinin formalaşdırılmasıdır. İnanırıq ki, bu islahatlar tibbi xidmətlərin keyfiyyətinə, əlçatanlığına və idarəetmənin effektivliyinə əhəmiyyətli təsir göstərəcək” – deyə, Pərvin Kərimzadə vurğulayıb.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə