"Kərə yağı alarkən istehlakçılar ilk növbədə məhsulun qablaşdırılmasına, etiket məlumatlarına və tərkibinə diqqət yetirməlidirlər. Təbii kərə yağının əsas xammalı süd yağı, adətən isə qaymaqdır".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, məhsulun etiketində bitki yağları, palma yağı və ya digər bitki mənşəli yağlar göstərilirsə, bu, onun tərkibində yalnız süd yağının olmadığını göstərir. Belə məhsulların adı və etiketlənməsi də müvafiq tələblərə uyğun olmalıdır:
"Digər mühüm məqam yağın qiymətidir. Bazar qiymətindən xeyli ucuz məhsullara ehtiyatla yanaşmaq lazımdır. Lakin yüksək qiymət də məhsulun mütləq təbii və keyfiyyətli olduğuna zəmanət vermir. Rənginə, qoxusuna və konsistensiyasına baxmaq müəyyən fikir yarada bilər, amma bu xüsusiyyətlər əsasında məhsulun tərkibini dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki müasir istehsal texnologiyaları ilə məhsulun görünüşünü dəyişmək mümkündür.
Evdə aparılan sadə sınaqlar, məsələn, yağın isti suda əridilməsi və ya tavada qızdırılması da onun tərkibini etibarlı şəkildə təsdiqləmir. Məhsulun həqiqi tərkibini müəyyən etməyin ən etibarlı yolu laboratoriya analizidir.
İstehlakçılara qablaşdırılmış, etiket məlumatları aydın göstərilən, istehsalçısı və mənşəyi məlum olan məhsullara üstünlük verməyi tövsiyə edirəm. Məhsulun istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və bütövlüyü də yoxlanılmalıdır. Unutmaq olmaz ki, düzgün etiketlənmə və etibarlı istehsalçı seçimi saxtalaşdırılmış və ya yanlış təqdim olunan məhsullarla qarşılaşma riskini azaltmağa kömək edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB