"Azərbaycan və Türkiyə beynəlxalq mövqelərini birgə əməkdaşlıqla gücləndirə bilər" - ŞƏRH EDİLDİ
"Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq və bərabərlik prinsipləri əsasında strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Hər iki ölkənin birgə iştirakı ilə Türk Dövlətləri Təşkilatı kimi yeni regional güc mərkəzi formalaşdırılır. Bu, hər iki ölkənin milli və strateji hədəflərinə, maraqlarına tam uyğundur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan və Mərkəzi Asiyada yerləşən digər dost və müttəfiq türk dövlətlərinin - Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın da strateji maraqlarına cavab verən siyasətdir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də özünü göstərir. Eyni zamanda, Azərbaycan Türkiyənin Suriya, Liviya, Sudan və Somali istiqamətində həyata keçirdiyi siyasəti yaxından izləyir. Bu ölkələrə münasibətdə Azərbaycanın da öz dövlət maraqları baxımından uğurlu siyasi strategiya həyata keçirdiyinin şahidi oluruq:
"Bildiyiniz kimi, Suriyanın keçmiş hökumətinin başçısı Əl-Şəra Azərbaycana səfər edib. Həmçinin Türkiyədə, Antalya Diplomatiya Forumu çərçivəsində hər iki ölkənin liderlərinin görüşü baş tutub və Azərbaycan nümayəndə heyəti Suriyaya səfər edib. Bu gün Azərbaycan Suriyanın enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusilə neft-qaz sektorunda da yaxından iştirak edir.
Türkiyənin Suriya, İraq, Liviya, Sudan və Somalidə həyata keçirdiyi siyasətə gəlincə, adlarını çəkdiyimiz bu dövlətlərin əksəriyyətində son illərdə mərkəzi hakimiyyətlə bağlı ciddi problemlər və siyasi böhranlar yaşanıb. Məsələn, Liviyada dövlətin parçalanmasının və vətəndaş müharibəsinin ağır nəticələrinin qarşısının alınmasında Türkiyə dövlətinin və Türkiyə Silahlı Qüvvələrinin mühüm rolu olub.
Sudanda separatçı qüvvələrin mərkəzi hakimiyyətə qarşı fəaliyyətləri, Somalidə isə Somaliland bölgəsinin müstəqillik iddiaları ölkələrin ərazi bütövlüyü və siyasi sabitliyi baxımından ciddi problemlər yaradıb. Türkiyənin Somali hakimiyyəti ilə birgə həyata keçirdiyi layihələr, eləcə də Suriya və İraqda apardığı xarici siyasət bu ölkələrdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi və dövlət suverenliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib.
Bu baxımdan hesab edirəm ki, Türkiyənin təcrübəsi Azərbaycan üçün də nümunə ola bilər. Azərbaycan adı çəkilən və digər zəif dövlətlərdə mərkəzi hakimiyyətin gücləndirilməsi, suverenliyin qorunması və milli maraqların təmin olunması istiqamətində yaxından iştirak edə bilər.
Xüsusilə nəzərə almaq lazımdır ki, Afrikanın bir sıra ölkələri hələ də Fransanın müstəmləkəçilik siyasətinin nəticələrindən əziyyət çəkir. Bu ölkələrin müstəmləkə asılılığından azad olması və müstəqilliklərini qoruması istiqamətində beynəlxalq dəstəyə böyük ehtiyac var. Azərbaycanın da bu istiqamətdə ata biləcəyi mühüm addımlar mövcuddur.
Son illərdə ölkəmizdə keçirilən "COP29" və "WUF13" tədbirlərində Afrikadan gələn vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan Prezidentinə ünvanladıqları müraciətlər və ölkəmizin həyata keçirdiyi sosial-humanitar layihələrə artan maraq göstərir ki, Azərbaycan mərkəzi hakimiyyəti zəif olan və inkişaf etməkdə çətinlik çəkən ölkələrdə yerli və milli iradənin güclənməsinə, milli potensialın formalaşmasına töhfə verə bilər.
Bu sahədə qardaş Türkiyənin kifayət qədər zəngin təcrübəsi və mühüm nailiyyətləri var. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığı hər iki ölkənin milli və strateji maraqlarına xidmət edə, eyni zamanda beynəlxalq mövqelərinin güclənməsinə töhfə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB