“Rusiya və Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar intensivləşib” - POLİTOLOQ DANIŞDI

“Rusiya və Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar intensivləşib” - POLİTOLOQ DANIŞDI

“Rusiya–Ukrayna müharibəsində qarşılıqlı hava hücumlarının intensivləşməsi hərbi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Ukraynanın Rusiya ərazisinə dron hücumları, o cümlədən Moskva vilayətində yerləşən hərbi-sənaye obyektinə zərbə endirilməsi, eyni zamanda Rusiya qüvvələrinin Kiyevə raket və dron hücumlarını davam etdirməsi onu göstərir ki, ABŞ-ın diplomatik təmasları fəallaşdırdığına baxmayaraq döyüş meydanında qarşılıqlı təzyiq səngiməyib”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisindəki strateji obyektlərə uzaqmənzilli dronlarla hücumları bir neçə məqsədə xidmət edir:

”İlk növbədə, bu zərbələr Rusiyanın hərbi istehsal, logistika və yanacaq təminatı sisteminə təzyiq göstərmək, eləcə də Moskvanın müharibəni öz ərazisindən uzaqda saxlamaq imkanlarının məhdud olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Paytaxt ətrafındakı obyektlərin hədəfə alınması həm də Rusiyanın hava hücumundan müdafiə sistemlərini daha geniş ərazidə yerləşdirmək zərurətini artırır.
Enerji infrastrukturu isə bu qarşıdurmanın ən həssas istiqamətlərindən biridir. Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri yanacaq istehsalını, daxili təchizatı və ixrac imkanlarını təbii olaraq çətinləşdirir. Təmir xərcləri, istehsal fasilələri və logistika problemləri Rusiya iqtisadiyyatına əlavə yük yaradır. Eyni zamanda, neft emalı güclərinin azalması dünya bazarında yanacaq təklifinə təsir göstərir, xüsusilə dizel qiymətlərində dəyişkənliyi artırır. Lakin onu da qeyd edim ki, bu gün dünya bazarında neft məhsullarının və o cümlədən də dizel yanacağının qiymətlərindəki artım heç də təkcə Ukraynanın Rusiyanın neft müəssisələrini hədəfə almasının nəticəsi deyil. Burada Yaxın Şərqdəki vəziyyət, Hörmüzdəki problemlər və Hüsilərin Babül-Məndəb boğazındakı fəaliyyəti də rol oynayır.
Diplomatik müstəvidə isə yeni imkanlar yaranıb. Oktyabrın 21-də ABŞ nümayəndəsi Stiv Uitkoffla Vladimir Putin arasında keçirilən görüşdən sonra Moskva noyabrda Ukrayna və ABŞ ilə danışıqları bərpa etməyə prinsipial razılıq verib. Ukrayna Prezidenti Volodimir Zelenski də üçtərəfli danışıqların keçirilməsini dəstəklədiyini bildirib. Bununla belə, ərazi məsələləri, təhlükəsizlik təminatları və atəşkəs şərtləri tərəflər arasında ciddi fikir ayrılığı olaraq qalır.
Ümumiyyətlə isə Moskva ətrafına və Rusiyanın strateji obyektlərinə hücumlar Ukraynanın hərbi-siyasi təzyiq imkanlarını genişləndirsə də, sülhün əldə olunması üçün diplomatik mexanizmlər həlledici əhəmiyyət daşıyır. ABŞ-ın təşəbbüsləri danışıqlar üçün zəmin yaradır, lakin onların uğuru tərəflərin qarşılıqlı güzəştlərə hazır olmasından, təhlükəsizlik təminatlarının etibarlılığından və mümkün atəşkəsin icrasına nəzarət mexanizmlərindən asılı olacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə