Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - ŞƏRH EDİLDİ

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - ŞƏRH EDİLDİ

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahənin müasir intibah dövrü birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu sözləri SİA-ya deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, bu inkişafın təməli hələ 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə qoyulmuşdur. Onun ölkə rəhbəri kimi fəaliyyəti dövründə isə Azərbaycan dünyada aparıcı idman ölkələrindən birinə çevrildi:

“Ümümiyyətlə dövlətlərin beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, cəmiyyətlərin daxili birliyinin təmin olunmasında və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsində idman mühüm bir sahəyə çevrilib.
İdman siyasətinin ən mühüm hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü gənclər olmadan nə idmanda, nə də digər sahələrdə davamlı uğur əldə etmək mümkündür.
İdman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Yarış meydanlarında nümayiş etdirilən əzmkarlıq, intizam və mübarizə ruhu gənclərin şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Beynəlxalq arenalarda Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağının qaldırılması cəmiyyətdə qürur hissini gücləndirir. Son illərin tarixi hadisələri fonunda idmançıların üzərinə düşən məsuliyyət daha da artıb. Onlar artıq yalnız fərdi nəticələrə görə deyil, həm də müzəffər xalqın nümayəndələri kimi çıxış edərək milli ruhu təmsil edirlər.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətin təzahürüdür. Görünür ki, bu yarışlar vasitəsilə dünya auditoriyası təkcə idman mübarizəsini deyil, eyni zamanda Bakının və bölgələrin müasir simasını, inkişaf etmiş infrastrukturunu və mədəni mühitini də izləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə