Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.

Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.

Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.

Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə