"Azərbaycan-İran münasibətlərində yüksək səviyyəli siyasi dialoq davam edir" - POLİTOLOQ DANIŞDI
"Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Azərbaycan–İran münasibətlərində son dövrdə müşahidə olunan intensiv siyasi dialoqun iqtisadi və praktiki müstəvidə davamı kimi qiymətləndirilə bilər".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
.jpg)
Onun sözlərinə görə, məlumdur ki, səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai, həmçinin neft və energetika nazirləri ilə görüşlər keçirilib və bu da əslində ikitərəfli gündəliyin yalnız iqtisadi məsələlərlə məhdudlaşmadığını göstərir:
"Səfərin əsas istiqamətlərindən biri nəqliyyat və tranzit əməkdaşlığıdır. Azərbaycan və İran Şimal–Cənub nəqliyyat dəhlizi, sərhəd infrastrukturu və yükdaşımaların genişləndirilməsi baxımından bir-birini tamamlayan imkanlara malikdir. Son müzakirələrdə Ağbənd istiqamətində dəmir yolu və avtomobil infrastrukturu, eləcə də Astara yük terminalı ilə bağlı layihələrin icrası xüsusi əhəmiyyət daşıyıb. Bu layihələrin reallaşması Azərbaycanı İran üzərindən daha geniş regional nəqliyyat şəbəkəsinə bağlamaqla yanaşı, İran üçün də tranzit imkanlarının genişlənməsi deməkdir.
Enerji sahəsi də səfərin mühüm istiqamətlərindən biridir. Azərbaycan və İran arasında neft-qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunması göstərir ki, tərəflər mövcud əlaqələri yalnız ticarət səviyyəsində saxlamaq deyil, enerji infrastrukturlarının qarşılıqlı tamamlayıcılığından istifadə etmək istəyirlər. Şahin Mustafayevin İranın neft və energetika nazirləri ilə keçirdiyi görüşlərdə birgə layihələr və əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi bu istiqamətdə praktiki gündəliyin formalaşdığını göstərir.
Səfərin siyasi əhəmiyyətini də ayrıca qeyd etməyə ehtiyac var. Son aylarda Azərbaycan və İran prezidentləri arasında yüksək səviyyəli təmasların intensivləşməsi ikitərəfli münasibətlərdə qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi istiqamətində müəyyən dinamika yaradıb. Sentyabrın 29-da Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığında da Azərbaycan nümayəndə heyətinin İranda apardığı müzakirələrə toxunulması bu təmasların vahid siyasi-diplomatik xətt daxilində davam etdiyini göstərir.
Ümumilikdə, səfərin əsas xüsusiyyəti siyasi dialoqun konkret layihələrlə tamamlanmasıdır. Həm Azərbaycan, həm də İran üçün nəqliyyat, enerji, ticarət və sərhəd infrastrukturu üzrə əməkdaşlığın inkişafı qarşılıqlı iqtisadi maraqlar yaradır. Eyni zamanda, bu proses regionda kommunikasiyaların genişləndirilməsi və yeni tranzit imkanlarının formalaşması baxımından daha geniş regional əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB