“Azərbaycan ABŞ və Çin kimi iki supergüclə strateji tərəfdaşdır“ -EKSPERT DANIŞDI
“Azərbaycanın Çin və ABŞ kimi dünyanın iki supergücü ilə strateji tərəfdaşlıq münasibətləri qurması ölkəmizin beynəlxalq müstəvidə qazandığı mövqenin göstəricisidir”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Çin və ABŞ-ın dünyanın iki supergücü olduğunu vurğulaması Azərbaycanın hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini ortaya qoyur: “Azərbaycan həm Çin, həm də ABŞ ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər qurub. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin göstəricisidir”.
Azər Həsrətin sözlərinə görə, Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri dövlət müstəqilliyinin və suverenliyin qorunması, tərəfdaşlarla qarşılıqlı hörmət əsasında münasibətlərin inkişaf etdirilməsidir.
“Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizin həm ABŞ, həm də Çinlə münasibətləri qarşılıqlı maraqlar və hörmət prinsiplərinə söykənir. Bu da Azərbaycanın beynəlxalq aləmdə öz mövqeyini formalaşdırdığını və dövlət olaraq öz gücünə arxalandığını göstərir”, - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycanın əldə etdiyi bu nəticələr ölkənin artan beynəlxalq nüfuzunun və həyata keçirdiyi müstəqil xarici siyasətin göstəricisidir.
“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın imkanlarını və beynəlxalq mövqeyini anlamayanlara ölkəmizin hansı siyasi və strateji çəkiyə malik olduğunu göstərir. Azərbaycan artıq müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurmaq imkanına malikdir”, - deyə Azər Həsrət əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB