Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Urxan Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və tədris texnologiyaları kafedrasının dosenti Allahverdi Hacıyev və digər ziyalılar iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdiyi gündən əldə etdiyi nailiyyətlərin öz gücü və imkanları hesabına təmin olunduğunu bildirib. O qeyd edib ki, ölkənin iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nəticələr Azərbaycanın müstəqil inkişaf yolunun göstəricisidir.
Muxtar Nağıyev Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı fikirlərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, partiya fəalları qarşıya qoyulan vəzifələri dərindən öyrənməli, Azərbaycan reallıqlarını cəmiyyətə düzgün çatdırmalı, müasir informasiya vasitələrindən səmərəli istifadə etməli və internet məkanında yayılan dezinformasiyalara qarşı informasiya təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verməlidirlər.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin Azərbaycanın qarşısında duran əsas vəzifələri, cəmiyyətin gözləntilərini, regionda gedən prosesləri və geosiyasi reallıqları əhatə etdiyini bildirib. O, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi, hərbi və diplomatik nailiyyətlərə diqqət çəkib.
Ədalət Muradov Prezidentin “Azərbaycan artıq orta güc dövlətidir” fikrinin ölkənin keçdiyi inkişaf yolunun mühüm göstəricisi olduğunu qeyd edib. O, Azərbaycanın uğurlarının öz gücü, resursları və imkanları hesabına əldə edildiyini vurğulayıb, həmçinin ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu və müasir informasiya mühitində təhsil, informasiya savadlılığı və milli düşüncənin mühüm rol oynadığını bildirib.
YAP Veteranlar Şurasının üzvü Urxan Ələkbərov Azərbaycanın VIII Qurultaya mühüm sosial-iqtisadi və siyasi nailiyyətlər əldə etmiş ölkə kimi gəldiyini bildirib. O, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi imkanları, inklüziv inkişaf göstəriciləri və enerji transformasiyası ilə bağlı səsləndirilən fikirlərə diqqət çəkib.
Urxan Ələkbərov Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, bərpa olunan enerji mənbələrinin inkişafına da əvvəlcədən diqqət yetirildiyini qeyd edib. Onun sözlərinə görə, enerji siyasətində uzunmüddətli yanaşmanın tətbiqi Azərbaycanın enerji transformasiyası prosesində yeni imkanlar qazanmasına şərait yaradıb.
Müşavirədə Prezident İlham Əliyevin VIII Qurultayda qarşıya qoyduğu vəzifələrin YAP üzvləri tərəfindən dərindən öyrənilməsinin, Azərbaycan reallıqlarının cəmiyyətə düzgün çatdırılmasının və ideoloji fəaliyyətin müasir tələblərə uyğun qurulmasının vacibliyi vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB