"ABŞ qlobal liderliyini və mövcud beynəlxalq sistemdə əsas təsir imkanlarını qorumağa çalışır" - POLİTOLOQ

"ABŞ  qlobal liderliyini və mövcud beynəlxalq sistemdə əsas təsir imkanlarını qorumağa çalışır" - POLİTOLOQ

"ABŞ və Rusiya arasında rəqabət davam edir. Xüsusilə burada ABŞ–Rusiya və ABŞ–Çin rəqabətini qeyd etmək olar. Çinlə daha çox iqtisadi müstəvidə, Rusiya ilə isə həm siyasi, həm də iqtisadi müstəvidə rəqabət gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bütün bunları yeni dünya nizamının formalaşması prosesi çərçivəsində xarakterizə etmək mümkündür:

"Təbii ki, hazırda yeni dünya siyasi nizamı formalaşır. Rusiya–Ukrayna müharibəsini Rusiyanın ABŞ və Qərblə geosiyasi qarşıdurmasının əsas istiqamətlərindən biri kimi qiymətləndirmək olar. ABŞ–Çin rəqabəti əsasən iqtisadi və texnoloji müstəvidə davam etsə də, bu qarşıdurmanın təhlükəsizlik aspekti də getdikcə güclənir. ABŞ–İran qarşıdurmasında isə Çinin amilini də nəzərə almaq lazımdır.

Göründüyü kimi, bu üç böyük güc arasında gedən mübarizə gələcək perspektivdə dünyanın siyasi və iqtisadi nizamının formalaşmasına ciddi təsir göstərəcək. Eyni zamanda, böyük güclər arasındakı rəqabət bir sıra regional münaqişələrin dərinləşməsinə və yeni qarşıdurma risklərinin yaranmasına səbəb olur. Yaxın Şərqdəki proseslər, Avropada Rusiya–Ukrayna müharibəsi, Tayvan məsələsi və Hind-Sakit okean regionunda artan gərginlik bunun nümunələridir.

Rusiya və Çin daha çox çoxqütblü dünya nizamının formalaşmasında maraqlı tərəflər kimi çıxış edirlər. ABŞ isə qlobal liderliyini və mövcud beynəlxalq sistemdə əsas təsir imkanlarını qorumağa çalışır. Bu baxımdan, hazırkı geosiyasi prosesləri dünyanın yeni nüfuz və təsir zonalarına bölünməsi uğrunda mübarizə kimi də qiymətləndirmək olar.

Hesab edirəm ki, proseslərin inkişafı nəticə etibarilə klassik mənada yalnız birqütblü və ya çoxqütblü dünyanın formalaşmasından daha mürəkkəb bir mənzərə yarada bilər. Daha çox ABŞ və Çinin əsas qlobal güc mərkəzləri kimi önə çıxdığı, digər dövlətlərin isə bu iki mərkəz ətrafında müxtəlif səviyyələrdə siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı qurduğu yeni geosiyasi sistemin formalaşması ehtimalı artır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə