"Azərbaycanın müstəqil xarici siyasət kursu qurultayda əsas istiqamətlərdən biri kimi təqdim olunub" - POLİTOLOQ DANIŞDI
"Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı və müraciəti yalnız partiya üzvlərinə ünvanlanan fikirlərdən ibarət deyil. Bu çıxışda Azərbaycan ictimaiyyətinə, Azərbaycan xalqına, beynəlxalq ictimaiyyətə, qlobal güclərə və beynəlxalq təşkilatlara ünvanlanan mühüm mesajlar səsləndirilib. Burada hər bir tərəfin özünə aid məqamları götürməsi mümkündür. Bu baxımdan, qurultayda səsləndirilən fikirlər ümumi və proqram xarakteri daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Prezidentin çıxışında Azərbaycanın qarşısında duran təhlükəsizlik təhdidləri, ölkənin güclü olması zərurəti, müstəqil xarici siyasət kursu, iqtisadi müstəqillik və siyasi suverenlik məsələləri xüsusi yer tutub. Eyni zamanda, enerji və nəqliyyat sahəsində görülən işlərə, Böyük Qayıdış proqramına, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonrakı inkişaf perspektivlərinə, eləcə də ideoloji təhlükələrə toxunulub. Bu tezislərin hər biri ayrıca geniş proqramı özündə ehtiva edir:
"Hesab edirəm ki, bu çıxış Azərbaycanın qarşısında duran yeni dövrün əsas istiqamətlərini həm xarici, həm də daxili siyasət baxımından müəyyənləşdirən mühüm siyasi mesajlar verir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yaranmış yeni geosiyasi şəraitə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin çıxışında da bu yeni mərhələnin əsas istiqamətləri öz əksini tapıb. Bu baxımdan, çıxışın həm Azərbaycan cəmiyyətində, həm də ölkəmizə maraq göstərən xarici dövlətlər və beynəlxalq dairələr tərəfindən geniş təhlil olunması mümkündür.
Qarşıdakı dövrdə təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət daşıyır. Qlobal geosiyasi müstəvidə müxtəlif güclərin maraqlarının toqquşduğu bir şəraitdə Cənubi Qafqaz da mühüm geosiyasi məkan kimi çıxış edir. Regionun Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji bağlantılarının üzərində yerləşməsi onun əhəmiyyətini daha da artırır. Bu proseslərdə Azərbaycanın enerji, nəqliyyat və digər sahələrdə həyata keçirdiyi layihələr ölkənin regional mövqeyinə təsir edən amillər kimi qiymətləndirilir.
Bu baxımdan, mənim fikrimcə, Azərbaycanın qarşıdakı təhlükəsizlik yanaşmasının əsas istiqamətlərindən biri müxtəlif maraqların uzlaşdırılması və regionda sabitliyin qorunmasına yönələn siyasətin davam etdirilməsidir. Maraqların uzlaşdırılması regional sabitlik baxımından mühüm şərtlərdən biri kimi nəzərdən keçirilə bilər.
Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşmanın da xüsusi əhəmiyyəti var. Ölkə həm şimal, həm cənub, həm şərq, həm də qərb istiqamətində müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurur. Siyasi və iqtisadi maraqların bir-birindən ayrı nəzərdən keçirilməsi mümkün deyil. İqtisadi münasibətlər xarici siyasətə, xarici siyasət isə iqtisadi əlaqələrə təsir göstərir. Bu səbəbdən hər iki istiqamətdə balansın qorunması mühüm məsələdir.
Regional siyasət baxımından Azərbaycanın qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipini əsas götürməsi də çıxışda diqqət çəkən məsələlərdəndir. Azərbaycan müxtəlif çıxışlarında öz ərazisinin üçüncü tərəflər tərəfindən qonşu dövlətlərə qarşı istifadəsinə yol verməyəcəyini bəyan edib. Bu yanaşma ölkənin regional təhlükəsizlik və qonşuluq siyasətinin əsas elementlərindən biri kimi təqdim olunur.
Beynəlxalq münasibətlər baxımından isə Azərbaycan müxtəlif münaqişələrdə tərəf olmaq əvəzinə, onların diplomatik və dinc yollarla həll edilməsini dəstəkləyən mövqe nümayiş etdirdiyini bildirir. Ukrayna münaqişəsi, Yaxın Şərqdəki proseslər və digər regional qarşıdurmalar fonunda Azərbaycanın dialoqun və diplomatik həll yollarının tərəfdarı olduğunu vurğulaması bu yanaşmanın tərkib hissəsi kimi təqdim edilir. Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı və hərbi bloklara qoşulmamaq siyasəti də bu kontekstdə qeyd olunur.
İqtisadi sahədə də balanslaşdırılmış yanaşmanın əhəmiyyəti diqqət çəkir. Azərbaycan enerji sektorunda müxtəlif dövlətlərlə əməkdaşlıq etməklə yanaşı, qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasət həyata keçirir. Bu baxımdan, xarici siyasət və iqtisadi strategiyanın bir-birini tamamlaması ölkənin uzunmüddətli inkişafı üçün mühüm amil kimi nəzərdən keçirilə bilər.
Ümumilikdə, Prezidentin qurultaydakı çıxışında səsləndirilən tezislər Azərbaycanın yeni dövr üçün siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini əhatə edən geniş proqram xarakterli yanaşma ortaya qoyur. Bu tezislərin hər birinin ayrıca təhlil edilməsi qarşıdakı mərhələdə ölkənin inkişaf prioritetlərinin daha aydın şəkildə müəyyənləşdirilməsinə imkan verə bilər.
Çünki dünya siyasəti nəyə söykənir? Bildiyiniz kimi, dünya siyasəti hər zaman beynəlxalq hüquqla tənzimlənmir. Burada “güclü haqlıdır” prinsipi də gündəmə gəlir. Dünya siyasətində güc amili mühüm rol oynadığına görə, “biz güclüyük” fikri də məhz buna yönəlir. Biz güclü olmasaq, əzilə, idarə oluna, müxtəlif təsirlər altına düşə və istismar oluna bilərik. Bu baxımdan, “biz güclüyük, güclü olmalıyıq” tezisi həm iqtisadi, həm siyasi, həm ideoloji, həm də hərbi müstəvidə özünü göstərməlidir.
Bu baxımdan, Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirir. Ölkə bir çox dövlətlərlə, o cümlədən Türkiyə və Orta Asiya respublikaları ilə hərbi təlimlər keçirərək öz hərbi potensialını formalaşdırır. Eyni zamanda, Azərbaycan iqtisadi siyasətini də müstəqil şəkildə həyata keçirir. Ölkə enerji sahəsində, o cümlədən neft-qaz və yaşıl enerji istiqamətlərində yeni layihələr həyata keçirir. Avropaya qaz nəqli, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti, yaşıl enerji layihələri, elektron kommunikasiya xətlərinin Azərbaycan ərazisindən keçməsi və ən başlıcası, Orta Dəhliz layihəsinin inkişaf etdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan bu sahələrdə çoxşaxəli iqtisadi siyasət həyata keçirir ki, bu da onun müstəqil və suveren dövlət kimi fəaliyyətinin göstəricilərindən biri hesab oluna bilər.
Müstəqil xarici siyasət Azərbaycanın xarici siyasət doktrinasının əsas istiqamətlərindən biridir. Azərbaycan heç bir dövlətin təsiri altında idarə olunan və ya qlobal güclərin əlində alətə çevrilən dövlət kimi çıxış etmir. Ölkə iqtisadi və siyasi maraqlarını uzlaşdıraraq sabitlik yaratmağa, müxtəlif məsələlərdə balanslı mövqe nümayiş etdirməyə və hərbi qruplaşmalara qoşulmamaq siyasətini davam etdirməyə çalışır. Hesab edirəm ki, bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas istiqamətlərindən biridir.
Azərbaycan həm regional, həm də geosiyasi baxımdan müstəqil siyasət yürütməyə çalışır. Ölkə iqtisadi, siyasi və hərbi sahələrdə fəaliyyətini dövlət və milli maraqları ilə uzlaşdırır. Azərbaycan xəritədə böyük olmayan dövlət olsa da, geosiyasi proseslərə təsir etmək imkanlarına malikdir. Bu imkanlar ölkənin coğrafi mövqeyi, iqtisadi resursları, siyasi iradəsi və xarici siyasət kursu ilə əlaqələndirilə bilər. Hesab edirəm ki, bu, iqtisadi müstəqillik və siyasi suverenliyin əsas göstəricilərindən biridir. İqtisadiyyat və siyasət də məhz balanslaşdırıcı yanaşma əsasında tənzimlənir.
Enerji və nəqliyyat sahəsində verilən tezislər də xüsusi önəm daşıyır. Dünyada gedən prosesləri təhlil etdikdə görürük ki, həm enerji resursları, həm də nəqliyyat infrastrukturu uğrunda rəqabət mövcuddur. İqtisadiyyatın əsas resurslarından biri enerji və xammaldır. Bu baxımdan, enerji daşıyıcılarının nəqlini təmin edən dəhlizlər də xüsusi əhəmiyyət daşıyır. Panama kanalı, Hörmüz boğazı və Zəngəzur dəhlizi kimi nəqliyyat marşrutları və keçidlər müxtəlif iqtisadi və geosiyasi maraqların kəsişdiyi məkanlardır.
Bu baxımdan, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları da xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz layihəsi Azərbaycan ərazisindən keçməklə Şərq-Qərb nəqliyyat bağlantısının mühüm istiqamətlərindən birini formalaşdırır. Gürcüstan üzərindən mövcud nəqliyyat əlaqələri, gələcəkdə regional kommunikasiyaların genişlənməsi və Zəngəzur dəhlizi ilə bağlı layihələrin reallaşması nəqliyyat infrastrukturunun inkişafına əlavə imkanlar yarada bilər. Bununla da Azərbaycan regional və beynəlxalq nəqliyyat sistemində öz mövqeyini gücləndirərək dünya iqtisadi proseslərinə təsir imkanlarını artıra bilər. Zəngəzur dəhlizinin girişinin və çıxışının Azərbaycanla bağlı olması nəzərə alınmaqla, bu layihə ilə bağlı məsələlərin Azərbaycanla razılaşdırılmadan həyata keçirilməsi real görünmür.
Ümumilikdə, enerji sahəsində də qeyd etdiyim kimi, enerjinin daşınması xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Azərbaycan həm qaz, həm də neft sektorunda mühüm layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan xətti fəaliyyət göstərir, qaz kəmərləri vasitəsilə də enerji resurslarının nəqli həyata keçirilir. Azərbaycan bu sahədə xüsusi əhəmiyyət daşıyan çoxsaylı layihələr həyata keçirib. Hazırda isə yaşıl enerji layihələri də gündəmdədir. Orta Asiyadan Xəzər dənizi üzərindən Avropaya enerji ötürülməsini nəzərdə tutan layihələr enerji daşıyıcılarının nəqlində yeni strategiyanın formalaşmasına xidmət edir".
Politoloq sözlərinə belə davam edib:
"Bu strategiyanı genişləndirmək və onun təhlükəsizliyini təmin etmək üçün dövlətlərin maraqları uzlaşdırılmalıdır. Qarşıdurmalardan uzaq olmalı və sabitliyi qoruyub saxlamalıyıq. Azərbaycan sabit dövlət olaraq qaldığı, həm iqtisadi, həm də siyasi baxımdan dayanıqlı olduğu halda, belə genişmiqyaslı layihələri həyata keçirmək üçün daha əlverişli imkanlar əldə edir.
Xüsusilə bir sahəni qeyd etmək istəyirəm. Prezidentin daxili siyasətində Böyük Qayıdış layihələri və bu proqramla bağlı qurultaydakı çıxışı Azərbaycan cəmiyyətinə, eyni zamanda, beynəlxalq aləmə yönəlmiş mühüm mesajlar daşıyır. Çünki 30 il ərzində işğal altında qalmış ərazilərin yenidən qurulması və burada həyatın sıfırdan bərpa edilməsi, sərmayələrin cəlb olunması və infrastrukturun yaradılması xüsusi əhəmiyyət daşıyır. Hazırda həyata keçirilən layihələr də bunu göstərir.
Bu proses isə kifayət qədər mürəkkəb şəraitdə həyata keçirilir. Minalanmış ərazilər ciddi problemlərdən biridir və Azərbaycan mina təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, Böyük Qayıdış proqramının həyata keçirilməsi zamanı qarşıda duran ağır və mürəkkəb maneələrin aradan qaldırılması, yeni infrastrukturun qurulması, bölgələrdə iş yerlərinin yaradılması və soydaşlarımızın mərhələli şəkildə öz doğma ərazilərinə qaytarılması xüsusi önəm daşıyır.
Bütün bunlar daxili siyasətin, xüsusilə də ölkədə quruculuq və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən strategiyanın mühüm tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB