“Tədbirlərin sayı deyil, əldə olunan nəticə əsas göstərici olmalıdır” - Ədalət Muradov
Ölkəsinin gələcəyinə məsuliyyət daşıyan vətəndaş yetişdirilməlidir. Diplom sahibi insanla həqiqi təhsilli insanı bir-birindən ayırmağın vaxtıdır. Süni intellekt dövründə bilik əldə etmək asanlaşsa da, düşünmək daha vacib olur.
SİA xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.
Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyevin təhsillə bağlı səsləndirdiyi fikirlər gələcək təhsilin əsas istiqamətlərini müəyyənləşdirir. Onun sözlərinə görə, təhsil yüksək akademik standartlarla yanaşı, tənqidi və analitik düşüncəni, milli-mənəvi və dövlətçilik dəyərlərini də özündə ehtiva etməlidir.
Professor qeyd edib ki, gəncləri dünyadan təcrid etməklə deyil, onları dünyanı daha yaxşı tanıyacaq qədər güclü etməklə qorumaq lazımdır.
Ədalət Muradov vurğulayıb ki, ideoloji işdə şablonlardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşmaq, əsas diqqəti nəticəyə yönəltmək vacibdir. Onun sözlərinə görə, tədbirlərin keçirilməsi, fotoşəkillərin çəkilməsi və hesabatların hazırlanması özü-özlüyündə görülən işin effektivliyini göstərmir.
“Cənab Prezidentin tapşırığının mahiyyəti ondan ibarətdir ki, tədbirlərin sayı deyil, onların sonunda əldə olunan nəticə əsas göstərici olmalıdır”, – deyə Ədalət Muradov bildirib.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın əldə etdiyi nəticələr realdır və bu uğurların əsasında konkret işlər dayanır. Onun sözlərinə görə, əsas vəzifələrdən biri əldə olunan nəticələri vətəndaşın görə, anlaya və hiss edə biləcəyi formada təqdim etməkdir.
Ədalət Muradov bildirib ki, kommunikasiya yanaşmasına da yeni baxış formalaşdırılmalıdır. O qeyd edib ki, görülən işlər bəzən hesabat dili ilə təqdim olunur, halbuki vətəndaş ilk növbədə nəticəni görmək istəyir.
Professor Prezidentin xarici informasiya resurslarının Azərbaycan dilində yaradılması ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib. O bildirib ki, belə resursların informasiya və ideoloji təsir məqsədi daşıya biləcəyi nəzərə alınmalı və bu istiqamətdə informasiya təhlükəsizliyinə diqqət artırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB