"Azad edilmiş ərazilərdə həyatın canlandırılması Böyük Qayıdışın əsas istiqamətlərindəndir" - POLİTOLOQ

"Azad edilmiş ərazilərdə həyatın canlandırılması Böyük Qayıdışın əsas istiqamətlərindəndir" - POLİTOLOQ

"Böyük Qayıdış yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı proses deyil. Burada həm də Qarabağın gələcəyinin formalaşdırılması, bölgədə həyatın yenidən canlandırılması və insanların öz doğma torpaqlarında yaşamaq imkanının bərpasından söhbət gedir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, bu baxımdan Böyük Qayıdış Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan proseslərdən biridir:

"Əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı həm infrastrukturun inkişafı, həm də bölgənin gələcək sosial-iqtisadi və geosiyasi potensialının formalaşması baxımından önəmlidir. İnsanların həmin ərazilərdə məskunlaşması ilə yanaşı, burada dayanıqlı yaşayış mühitinin yaradılması, iqtisadi fəallığın təmin edilməsi və yeni layihələrin həyata keçirilməsi də əsas hədəflərdəndir.

Böyük Qayıdış çərçivəsində bir neçə mühüm istiqamət müəyyən edilə bilər. İlk növbədə insanların təhlükəsiz şəkildə ərazilərə yerləşdirilməsi təmin olunmalıdır. Lakin proses yalnız məskunlaşma ilə yekunlaşmır. İnsanların sosial həyatının normallaşdırılması, yaşayış şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması, ev və kommunal ehtiyaclarının qarşılanması da xüsusi əhəmiyyət daşıyır. Məqsəd insanların həmin ərazilərdə yalnız məskunlaşması deyil, tam və normal həyat şəraitinə qovuşmasıdır.

Bununla yanaşı, ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi Böyük Qayıdışın əsas şərtlərindən biridir. Təhlükəsizliyin təmin olunmasından sonra infrastrukturun qurulması, sosial obyektlərin yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi üçün daha əlverişli şərait formalaşır.

Bütün bu istiqamətlərin kompleks şəkildə həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurda həyatın canlandırılmasına, yeni layihələrin reallaşdırılmasına və investisiyaların cəlb edilməsinə imkan yarada bilər. Bu baxımdan Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıdışı deyil, həmin ərazilərin gələcək inkişafının və dayanıqlı həyatın təmin olunması baxımından uzunmüddətli proses kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə