Əmək bazarındakı qeyri-müəyyənlik gənclərin gələcəyə baxışını nə dərəcədə dəyişir? - PSİXOLOQ AÇIQLADI
Gənclərin əmək bazarında özlərinə uyğun iş tapmaqda çətinlik çəkməsi yalnız maddi problemlərlə məhdudlaşmır. Uzun müddət işsiz qalmaq, ixtisasa uyğun fəaliyyət göstərə bilməmək və əməyin qarşılığında yetərli gəlir əldə etməmək onların psixoloji və sosial vəziyyətinə də ciddi təsir göstərə bilər. Belə vəziyyət gənclərdə özünəinamın azalmasına, motivasiyanın zəifləməsinə və gələcəklə bağlı narahatlığın artmasına səbəb olur.
Bəs əmək bazarındakı qeyri-müəyyənlik gənclərin gələcəyə baxışını nə dərəcədə dəyişir? İşsizlik və peşəkar istiqamətdə yaranan çətinliklər onların özlərini cəmiyyətdə necə qiymətləndirməsinə təsir göstərə bilərmi?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, son dövrlər əmək bazarında gənclərin işə götürülməsi ilə bağlı bir çox müraciətlər olur:
"Hətta deyərdim ki, gəlib şikayət formasında deyirlər: “Axı, mənim iki diplomum var, magistr təhsilim var. Hansı səbəbdən mən niyə işə götürülmürəm?” Təbiidir ki, burada psixoloji fərqlər də özünü göstərir. Ardıcıl olaraq rədd cavabı almaq insanın ilk olaraq özünə olan inamını azalda bilir. “Mən heç nəyə yaramıram” düşüncəsini yarada bilir. Bu zaman psixoloji olaraq günahkarlıq hissi yaranır və insan həmin günahkarlıq sindromundan əziyyət çəkməyə başlayır.
Təbiidir ki, bəzən biz baxırıq ki, işəgötürənlər yeni məzundan belə təcrübə gözləyirlər. Sanki o, bütün işi dərhal bilməlidir. Amma halbuki təcrübəsi olmadan işə və iş qrafikinə uyğunlaşmaq belə mümkün olmadığı halda, biz yeni işə gələn, yeni parta arxasından durmuş insandan hər cür tələblər gözləyirik.
Bu baxımdan da biz görürük ki, həqiqətən də əlaqə və imkan bərabərsizliyi iş tapmaqda özünü göstərir. Sosial əlaqələri və məlumatları düzgün istiqamətləndirə bilmədiyi halda, çıxış yolu sadəcə olaraq həmin gənc üçün əmək bazarında bu qeyri-müəyyənliyi aradan qaldıracaq imkanların yaradılmasıdır.
Əks halda, təbii ki, işsizlik və peşəkarlıq istiqamətində bir sıra problemlərlə üz-üzə qala bilərik. Ona görə də gəncləri bu baxımdan düzgün anlamalı, düzgün öyrənməli və işəgötürənlər, xüsusilə də HR-lər buna çox düzgün qiymət verməlidirlər.
Hər kəs özünə uyğun olacaq 5-6 psixoloji sualı verməklə “5 il sonra harada olacaqsan?” sualının cavabını tapmağa çalışır. Amma insan heç bir saat sonra başına nə gələcəyini belə bilmir. Ona görə də burada birbaşa olaraq təhsilə baxıb şərait yaratmaq lazımdır ki, işəgötürənlər həmin insanları təhsillərinə və bacarıqlarına uyğun olaraq işə götürə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB