Övladımızın valideyni yox, güvəndiyi insan olaq..

Övladımızın valideyni yox, güvəndiyi insan olaq..

Yeniyetməlik uşağın artıq balaca olmadığı, amma hələ böyüklər dünyasına tam uyğunlaşmadığı mürəkkəb bir dövrdür. Bu yaşlarda uşağın dünyası dəyişir. Dünən hər sirrini anasına danışan, atasının əlindən tutmadan heç yerə getmək istəməyən uşaq bu gün otağının qapısını bağlayır, qulaqcıqlarını taxır və “heç nə olmayıb” deyərək söhbəti bitirir. Valideyn isə bəzən bunu hörmətsizlik kimi qəbul edir: “Əvvəllər mənə hər şeyi danışırdı, indi niyə məndən qaçır?”

Əslində isə yeniyetmə valideynindən qaçmır, o özünü tapmağa çalışır. Məhz bu mərhələdə valideynin davranışı uşağın gələcəkdə onunla münasibətinin necə olacağını müəyyənləşdirir. Çünki yeniyetmə üçün ən vacib ehtiyaclardan biri azadlıq, digəri isə anlaşılmaqdır.

Valideyn övladının dostu olmaq istəyirsə, ilk növbədə onu dinləməyi bacarmalıdır. Hər danışdığı məsələyə dərhal “Mən sənə demişdim”, “Sən hələ uşaqsan”, “Bu nə hərəkətdir?” cavabı vermək uşağın növbəti dəfə danışmaq istəyini azalda bilər. Bəzən uşağın məsləhətə yox, sadəcə dinlənilməyə ehtiyacı olur.

Məsələn, yeniyetmə gəlib məktəbdə yaşadığı bir hadisəni danışır. Valideyn isə söhbətin ortasında telefonunu kənara qoymaq əvəzinə “Bəs dərslərini oxumusan?” deyirsə, uşaq çox sadə bir nəticəyə gəlir: “Deməli, məni dinləmirlər”. Halbuki bir neçə dəqiqəlik diqqət belə münasibəti dəyişə bilər. “Sonra nə oldu?”, “Sən özünü necə hiss etdin?” kimi suallar uşağa “Mənim hisslərim önəmlidir” mesajını verir.

Valideynlə övlad arasında dostluq o demək deyil ki, bütün qaydalar aradan qalxmalıdır. Sağlam münasibətdə həm sevgi, həm də sərhəd olmalıdır. Uşaq bilməlidir ki, valideyni onun dostudur, amma eyni zamanda onun təhlükəsizliyinə cavabdeh olan böyüyüdür.

“Xeyr” demək də sevginin bir formasıdır. Ancaq bu “xeyr”in necə deyilməsi çox önəmlidir. “Çünki mən belə istəyirəm” əvəzinə, “Bu qərarı ona görə verirəm ki, sənin təhlükəsizliyini düşünürəm” demək uşağın valideyninin niyyətini anlamasına kömək edir.

Yeniyetmə ilə danışarkən ən böyük səhvlərdən biri də onu başqa uşaqlarla müqayisə etməkdir. “Filankəsin qızı belədir”, “Filankəsin oğlu səndən yaxşı oxuyur”, “Bax, qonşunun uşağı nə qədər tərbiyəlidir” kimi cümlələr uşağı dəyişdirmir. Əksinə, valideynindən emosional olaraq uzaqlaşdıra bilər. Çünki uşaq zamanla valideyninin yanında özünü olduğu kimi göstərməkdən qorxmağa başlayır.

Halbuki ev uşağın ən təhlükəsiz məkanı olmalıdır. O bilməlidir ki, səhv edəndə ilk olaraq valideyninə müraciət edə bilər. Ən qorxduğu anda belə “Mənim anam və atam məni əvvəlcə dinləyəcək” düşüncəsinə sahib olmalıdır.

Valideynin dost olması məhz budur: uşaq səhv edəndə onu alçaltmamaq, problemi birlikdə həll etməyə çalışmaqdır. Onun ilk sevgisini eşidəndə məsxərəyə qoymamaq, dostları haqqında danışanda dərhal onları pisləməmək, sosial şəbəkələrdən istifadə edərkən yalnız qadağa qoymaq əvəzinə internetdə qarşılaşa biləcəyi təhlükələr haqqında onunla açıq danışmaqdır.

Ən əsası isə yeniyetmənin fikirlərini “sən uşaqsan, bilməzsən” deyərək kiçiltməməkdir. Çünki uşağın fikrini dinləmək onunla razılaşmaq demək deyil. Bəzən valideynin ən böyük gücü danışmaqda yox, susub dinləməkdədir.

Bir gün uşağınız sizə dostlarından birinin problemini danışacaq. Başqa gün ilk dəfə aşiq olduğunu etiraf edəcək. Bir gün gəlib imtahandan zəif nəticə aldığını deyəcək. Başqa bir gün isə “Ana, mən səninlə bir şey danışmaq istəyirəm” deyəcək.

Həmin anlar valideyn üçün çox qiymətlidir. Çünki uşağın sizə “danışmaq istəyirəm” deməsi əslində “Sənə güvənirəm” deməsidir.

Ona görə yeniyetmənin qapısını döyəndə yalnız otağının qapısını yox, onun daxili dünyasının qapısını da döydüyümüzü xatırlamalıyıq. Uşaqlar böyüyür. Bir gün onların əllərindən tutmağa ehtiyac qalmır. Amma bir şey dəyişməməlidir: onların hər yaşda valideynlərinin yanında özlərini güvəndə hiss etməsi.

Çünki valideynin övladına verə biləcəyi ən böyük hədiyyə bahalı telefon, gözəl geyim və ya mükəmməl həyat deyil. “Nə olursa-olsun, mən sənin yanındayam” hissidir.

Uşağınızın dostu olmaq istəyirsinizsə, əvvəlcə onun etibarını qazanın. Çünki yeniyetmə üçün ən gözəl dost onu mühakimə etmədən dinləyən, səhv edəndə yanında olan və böyüdükcə onunla birlikdə münasibətini də böyüdən valideyndir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə