Həzi Aslanov stansiyasının dalan yolunda təmir işləri yekunlaşır

Həzi Aslanov stansiyasının dalan yolunda təmir işləri yekunlaşır

Həzi Aslanov stansiyasının dalan yolunda aparılan təmir işləri son mərhələyə qədəm qoyub.

Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ərazidə yol infrastrukturu artıq tam qurulub, qatarların hərəkətini təmin edən elektrik təchizatı sistemi quraşdırılıb. Hazırda havalandırma sistemi və digər mühəndis-texniki qurğuların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Bəxtiyar Məmmədov bildirib ki, hazırda əsas diqqət qatarların hərəkət təhlükəsizliyini təmin edən sistemlərin quraşdırılmasına yönəldilib. Bu işlərin oktyabr ayının əvvəlləri və ya ortalarına qədər yekunlaşdırılması gözlənilir.

Onun sözlərinə görə, bundan sonra qatarların qısamüddətli sınaq hərəkətləri həyata keçiriləcək. Artıq həmin istiqamətdə təsərrüfat qatarları ilə müvafiq yoxlamalar aparılıb.

Bildirilib ki, işlərin qrafik üzrə başa çatdırılması ilə sərnişinlərin İçərişəhərdən birbaşa Həzi Aslanov stansiyasına qədər hərəkətinin noyabr ayının sonundan daha əvvəl təmin edilməsi mümkün olacaq.

Beləliklə, noyabr ayından etibarən İçərişəhər–Əhmədli istiqamətində hərəkət edən qatarların Həzi Aslanov stansiyasına qədər davam etdirilməsi, Əhmədli–Həzi Aslanov istiqamətində hazırda tətbiq olunan məkik qatar hərəkətinin isə ləğv edilməsi nəzərdə tutulur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə