“Dağ-mədən proqramı regionlarda yüksək əlavə dəyər yaradan sənayeni hədəfləyir” -DEPUTAT DANIŞDI

“Dağ-mədən proqramı regionlarda yüksək əlavə dəyər yaradan sənayeni hədəfləyir” -DEPUTAT DANIŞDI

“Dövlət siyasəti hasilatdan zənginləşdirməyə, emaldan son məhsul istehsalına qədər tam sənaye zəncirinin ölkə daxilində yaradılmasını nəzərdə tutur".

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, "Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi yeni sənaye istiqamətləri göstərir ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun dərinləşdirilməsi artıq daha konkret resurs, region və istehsal zəncirləri üzərində qurulur. 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərin, “Filizçay” yatağının və Naxçıvan Muxtar Respublikasının dağ-mədən potensialının dövriyyəyə cəlb edilməsi xüsusi yer tutur".

Aydın Hüseynov bildirib ki, işğaldan azad edilmiş Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında qızıl, mis və molibden yataqlarının istismara verilməsi nəzərdə tutulur: "Ağdərədə artıq işlərə başlanılıb, Kəlbəcər və Zəngilanda isə yaxın perspektivdə fəaliyyətin genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, müasir geoloji texnologiyalarla mövcud ehtiyatların yenidən qiymətləndirilməsi və yeni yataqların aşkarlanması qarşıya məqsəd qoyulub. Naxçıvan Muxtar Respublikası da yeni mərhələnin perspektivli istiqamətlərindən biri kimi müəyyən edilib. Burada geoloji-kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmaması səbəbindən böyük yataqların mövcudluğu ehtimalı yüksək qiymətləndirilir və bu istiqamətdə işlərin başlanması nəzərdə tutulur. Bu yanaşma Naxçıvanın iqtisadi potensialının şaxələndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və yeni dayanıqlı iş yerlərinin yaradılması məqsədləri ilə də uzlaşır. Balakəndə yerləşən “Filizçay” polimetal yatağı isə proqramın strateji aktivlərindən biridir. Cənab Prezident İlham Əliyev bu yatağı Avropa qitəsinin perspektivli yataqlarından biri kimi xarakterizə edib və texniki-iqtisadi əsaslandırmanın tamamlanaraq yekun investisiya qərarının qəbul edilməsinin vacibliyini vurğulayıb".

"Burada əsas məqsəd təkcə filiz hasil etmək deyil" - deyən Aydın Hüseynov əlavə edib ki, dövlət siyasəti hasilatdan zənginləşdirməyə, emaldan son məhsul istehsalına qədər tam sənaye zəncirinin ölkə daxilində yaradılmasını nəzərdə tutur: "Qərb Sənaye Parkında zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı üzrə müəssisələrin yaradılması da məhz bu yanaşmanın tərkib hissəsidir. Bu model əlavə dəyərin ölkədə qalmasına, ixrac potensialının artmasına və yüksək ixtisaslı məşğulluğun genişlənməsinə imkan verə bilər".

Aydın Hüseynov diqqətə çatdırıb ki, bu siyasət regionların sosial-iqtisadi inkişafı üzrə 2004-cü ildən həyata keçirilən dövlət proqramlarının məntiqi davamıdır: "Təsadüfi deyil ki, yalnız 2004–2018-ci illərdə ÜDM 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə artmış, 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri və 100 mindən çox müəssisə yaradılmışdı.

Fikirlərimizi ümumiləşdirsək belə bir nəticə ortaya çıxar ki, keçilən yolun əsas nəticəsi regionlarda baza infrastrukturunun formalaşdırılması idisə, yeni mərhələnin əsas məqsədi həmin infrastruktur üzərində yüksək əlavə dəyər yaradan müasir sənaye iqtisadiyyatı qurmaqdır. Dağ-mədən və metallurgiya proqramının strateji əhəmiyyəti də məhz bundadır".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə