Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

“Sea Breeze” kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov və “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışının keçirilməsinə dair memorandum imzalayıblar.

SİA xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi, Dream Group International şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Əsas məqsəd açıq suda üzgüçülüyün inkişafına töhfə vermək, beynəlxalq idman əməkdaşlığını genişləndirmək və Azərbaycanı idman turizmi istiqaməti kimi tanıtmaqdır.

Emin Ağalarov beynəlxalq “Oceanman” seriyasının Azərbaycanda ilk dəfə məhz “Sea Breeze”də keçiriləcəyindən çox şad olduğunu bildirib.

“Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova isə “Sea Breeze” ilə tərəfdaşlığın beynəlxalq miqyaslı tədbirlərin təşkili üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Oceanman " franşizasını əldə etmək asan deyil və bu uğura məhz “Sea Breeze”in müasir infrastrukturu sayəsində nail olduq. Xəzər dənizinin akvatoriyası, yüksəksəviyyəli infrastruktur və minlərlə qonağı qəbul etmək imkanı belə miqyaslı yarışların keçirilməsi üçün zəruri şərait yaradır. Son illərdə “Sea Breeze” kurort şəhəri beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi nüfuzlu məkan kimi mövqeyini daha da möhkəmləndirir. Əminəm ki, “Oceanman”ı ən yüksək səviyyədə məhz “Sea Breeze” təşkil edə bilər. Azərbaycanın beynəlxalq seriyanın xəritəsində yer alması ölkəmiz üçün həqiqətən də mühüm tarixi hadisə olacaq”.

Yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. “Oceanman Azerbaijan Sea Breeze” yarışına hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartolomey Kubkovski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov “Sea Breeze”də yerləşən “The Grand” apart-otelinin qarşısında 10 kilometrlik üzgüçülük yürüşü həyata keçirəcəklər.

Bartolomey Kubkovski çox uzun məsafələrə üzgüçülük üzrə nailiyyətləri ilə tanınır. O, 2026-cı ilin avqustunda İsveçdən Polşaya qədər Baltik dənizini üzərək keçib. İdmançı dayanmadan təxminən 160 kilometr məsafə qət edib və 55 saatdan çox suda qalıb. Boris Nəcəfov isə Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlıdır. O, 2026-cı ilin sentyabrında Bonifaço boğazını da üzərək keçib. Nəcəfov Korsikadan Sardiniyaya və geriyə ümumilikdə 25 kilometr məsafə qət edib.

“Oceanman” açıq suda üzgüçülük üzrə dünyanın ən böyük və nüfuzlu beynəlxalq yarış seriyalarından biridir. Yarışın mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaş arası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir. “Oceanman Azerbaijan – Sea Breeze” yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik “Oceanman”, 5 kilometrlik “Half Oceanman” və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar. Proqramda uşaqlar üçün “Oceankids” yarışı, komanda estafeti “Oceanteams” və inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədli “Oceanman Inspiration” üzgüçülük yarışı da yer alacaq. İdman proqramı ilə yanaşı, iştirakçılar və qonaqlar üçün festival tədbirlərinin təşkili də nəzərdə tutulur.

“Oceanman Azerbaijan” yarışının keçirilməsi Xəzər dənizini beynəlxalq üzgüçülük ictimaiyyətinə tanıtmaq, ölkədə beynəlxalq tədbirlərin coğrafiyasını genişləndirmək və Azərbaycanın dünya idman xəritəsində mövqeyini gücləndirmək üçün yeni imkanlar yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə