"Azərbaycan-Kamboca əməkdaşlığı birgə istehsal müəssisələri yeni iqtisadi imkanlar yarada bilər" - DEPUTAT

"Azərbaycan-Kamboca əməkdaşlığı birgə istehsal müəssisələri yeni iqtisadi imkanlar yarada bilər" - DEPUTAT

"Azərbaycanla Kamboca arasında birgə istehsal müəssisələrinin yaradılması sadəcə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyanın böyük istehlak bazarlarına çıxışı üçün yeni imkan deməkdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov ifadə edib.

Onun sözlərinə görə, müasir iqtisadiyyatda əsas məsələ yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu hansı bazarlara və hansı şərtlərlə çıxarmağı bacarmaqdır:

"Azərbaycanın sənaye, enerji və logistika imkanları ilə Kambocanın istehsal potensialının birləşdirilməsi hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr verə bilər. Xüsusilə tekstil, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və yüngül sənaye sahələrində birgə müəssisələrin yaradılması perspektivli görünür.

Burada diqqət çəkən başqa bir məqam da var. Azərbaycan son illər beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevrilib. Kamboca ilə istehsal əməkdaşlığı gələcəkdə Asiya bazarları ilə Azərbaycan üzərindən Avropa istiqamətində iqtisadi əlaqələrin şaxələndirilməsinə də xidmət edə bilər.

Hesab edirəm ki, belə layihələrin ən mühüm üstünlüklərindən biri texnologiya və təcrübə mübadiləsi, yeni iş yerlərinin açılması, qeyri-neft ixracının genişləndirilməsidir. Əsas məqsəd yalnız xarici bazarlarda iştirak etmək yox, həmin bazarlarda Azərbaycan kapitalının və məhsulunun mövqeyini gücləndirmək olmalıdır.

Əslində, iqtisadi diplomatiyanın uğuru imzalanan sənədlərin sayı ilə deyil, yaradılan müəssisələrin, açılan iş yerlərinin və əldə edilən real iqtisadi nəticələrin miqyası ilə ölçülür. Azərbaycan–Kamboca əməkdaşlığına da məhz bu prizmadan yanaşmaq lazımdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə