ABŞ-da seçkiqabağı mübarizə: Trampın siyasi mövqeləri zəifləyir? -POLİTOLOQ DANIŞDI

ABŞ-da seçkiqabağı mübarizə: Trampın siyasi mövqeləri zəifləyir? -POLİTOLOQ DANIŞDI

“ABŞ-da noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində ölkənin daxili siyasi vəziyyəti və Donald Tramp administrasiyasının xarici siyasət addımları diqqət mərkəzindədir. Seçkiqabağı prosesdə əsas narahatlıq doğuran məsələlərdən biri Trampın siyasi mövqelərinin zəifləməsi, iqtisadi problemlər və beynəlxalq arenada qarşıya qoyulan məqsədlərin nə dərəcədə reallaşmasıdır”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, Donald Trampın İranla bağlı siyasətində gözlənilən nəticələrin əldə olunmaması onun mövqelərinə mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər:

”İran ətrafında gərginliyin davam etməsi, qarşılıqlı bəyanatlar və siyasi təzyiq cəhdləri Vaşinqtonun bu istiqamətdəki strategiyasının effektivliyi ilə bağlı suallar yaradır. Bununla belə, seçkilərə qədərki müddətdə vəziyyətin necə dəyişəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir. İstənilən halda, Trampın İran məsələsində yeni siyasi manevrlərə əl atması ehtimalı istisna edilmir.

Hazırkı şəraitdə Tramp üçün digər mühüm istiqamət Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu gücləndirmək və danışıqlar prosesinin başlanmasına nail olmaqdır. Rusiya və Ukrayna nümayəndələrinin danışıqlar masası ətrafında bir araya gətirilməsi ABŞ prezidentinə seçkiqabağı dövrdə mühüm siyasi üstünlük qazandıra bilər. Belə bir nəticə Trampın beynəlxalq münaqişələrin həlli istiqamətində təşəbbüskar lider obrazını möhkəmləndirməsinə və daxili auditoriya qarşısında siyasi dividendlər əldə etməsinə xidmət edə bilər.

Eyni zamanda, Trampın İran siyasəti ilə bağlı tənqidlərə məruz qalması və ABŞ daxilində siyasi rəqiblərinin fəallığı onun qarşısında əlavə çətinliklər yaradır. Demokratların administrasiyanın hər bir addımını diqqətlə izləməsi, iqtisadi vəziyyət və qiymət artımları ilə bağlı narazılıqların mövcudluğu seçkiqabağı mübarizənin daha da kəskinləşməsinə səbəb olur. Bu baxımdan, Trampın xarici siyasətdə əldə edəcəyi nəticələr onun daxili siyasi mövqeyinə də birbaşa təsir göstərə bilər.

Rusiya ilə münasibətlər də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Moskva ilə Vaşinqton arasında müəyyən məsələlər üzrə təmasların və qarşılıqlı anlaşma cəhdlərinin artması tərəflərin öz siyasi və iqtisadi maraqlarını təmin etmək istəyindən irəli gələ bilər. Rusiya üçün də ABŞ-la münasibətlərdə müəyyən yumşalmanın yaranması beynəlxalq mövqelərini gücləndirmək baxımından əhəmiyyətlidir. Bununla belə, iki ölkə arasında mümkün yaxınlaşmanı vahid siyasi strategiyanın nəticəsi kimi qiymətləndirmək üçün konkret addımların və qərarların təhlili vacibdir.

Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi isə mürəkkəb olaraq qalır. Kiyevin ABŞ-dan aldığı siyasi və hərbi dəstəyin gələcək taleyi, eləcə də Vaşinqtonun danışıqlar prosesinə yanaşması Ukraynanın manevr imkanlarına təsir edən əsas amillərdəndir. Bu şəraitdə Ukraynanın Avropa tərəfdaşları ilə əməkdaşlığını gücləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya, Almaniya və Fransa kimi dövlətlərin hərbi potensialın artırılması istiqamətində atdıqları addımlar isə maliyyə imkanları, istehsal gücü və zaman amili ilə məhdudlaşır. Müasir silah sistemlərinin istehsalı və müdafiə sənayesinin genişləndirilməsi uzunmüddətli planlaşdırma tələb etdiyindən, qısa müddətdə bütün ehtiyacların qarşılanması asan deyil.

Digər tərəfdən, Avropa dövlətlərinin müdafiə xərclərini artırmaq və hərbi ehtiyatlarını bərpa etmək cəhdləri müharibənin yaratdığı təhlükəsizlik çağırışlarının miqyasını göstərir. Rusiyanın hərbi imkanları və cəbhədəki mövqeyi də münaqişənin gələcək gedişinə təsir edən amillər sırasındadır. Bununla belə, hər hansı tərəfin üstünlüyünü mütləq hesab etmək və müharibənin nəticəsini əvvəlcədən müəyyənləşdirmək düzgün olmazdı.

ABŞ-da iqtisadi vəziyyət, inflyasiya və yaşayış xərclərinin artması da seçicilərin qərarlarına təsir göstərə biləcək əsas məsələlərdəndir. İqtisadi göstəricilərlə bağlı narazılıqların cəmiyyətdə siyasi reaksiyaya çevrilməsi hakimiyyət üçün ciddi çağırış yaradır. Trampın əvvəlki prezidentlik dövrü ilə hazırkı mərhələnin müqayisəsi də seçicilərin gözləntilərinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə xarici siyasətdə gözlənilən nəticələrin əldə olunmaması və iqtisadi problemlərin davam etməsi onun reytinqlərinə təsir göstərə biləcək amillər kimi çıxış edir.

Noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində Donald Trampın əsas vəzifələrindən biri həm daxili narazılıqları azaltmaq, həm də xarici siyasətdə konkret nəticələr əldə etdiyini nümayiş etdirməkdir. Rusiya-Ukrayna münaqişəsində mümkün irəliləyiş onun üçün siyasi üstünlük yarada bilər. Lakin İran məsələsindəki çətinliklər, iqtisadi problemlər və demokratların rəqabəti seçki mübarizəsinin nəticələrini əvvəlcədən müəyyənləşdirməyə imkan vermir. Mövcud vəziyyət demokratların Konqresdə və Senatda mövqelərini gücləndirməsi ehtimalını da gündəmdə saxlayır. Seçkilərin yekun nəticəsi isə seçicilərin iqtisadi vəziyyətə, administrasiyanın fəaliyyətinə və xarici siyasət qərarlarına verəcəyi qiymətdən asılı olacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə