İslamda insanın taleyi əvvəlcədən müəyyən olunubsa, onun etdiyi seçimlərə və məsuliyyətinə necə baxılır? - İLAHİYYATÇI DANIŞDI

İslamda insanın taleyi əvvəlcədən müəyyən olunubsa, onun etdiyi seçimlərə və məsuliyyətinə necə baxılır? - İLAHİYYATÇI DANIŞDI

"İslamda insanın taleyinin əvvəlcədən tam müəyyənləşdirildiyi fikri doğru deyil. İnsan bu dünyada öz seçimlərinə, əməllərinə və davranışlarına görə məsuliyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, əgər insanın bütün hərəkətləri əvvəlcədən müəyyənləşdirilsəydi və o, öz iradəsindən asılı olmayaraq yalnız ona yazılmış rolu yerinə yetirsəydi, bu zaman yaxşı və pis əməllərə görə məsuliyyət məsələsi ortaya çıxardı:

"Məsələn, pis əməllər törədən bir insanın bütün bunları əvvəlcədən onun üçün müəyyənləşdirilmiş taleyə uyğun etdiyi iddia olunsaydı, həmin şəxsin öz hərəkətlərinə görə məsuliyyət daşıması necə izah edilə bilərdi? Bu yanaşmaya əsasən, insanın öz seçimi olmadan etdiyi hərəkətlərə görə cəzalandırılması və ya mükafatlandırılması ədalət anlayışı ilə ziddiyyət təşkil edərdi.

İslamda Allahın hər şeyi bilməsi ilə insanın seçim etmək azadlığı məsələsi bir-biri ilə əlaqəli şəkildə izah olunur. İnsan qarşısında müxtəlif seçimlər olduğu halda, hansı yolu seçəcəyinə və necə davranacağına görə məsuliyyət daşıyır. Buna görə də insanın taleyi ilə bağlı məsələyə yanaşarkən Allahın elmi, insanın iradəsi və əməllərinə görə məsuliyyəti arasındakı fərqi nəzərə almaq vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə