"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ

"Qlobal rəqabətin gücləndiyi bir şəraitdə Azərbaycan həm regionda, həm də beynəlxalq münasibətlər sistemində daha fəal və ardıcıl siyasət yürüdür. Bu siyasətin nəticəsi olaraq ölkəmiz beynəlxalq aləmdə orta güc dövləti kimi qəbul olunur. Bu isə regionda maraqları və ambisiyaları olan bəzi dövlətləri qane etmir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, həmin ölkələr müxtəlif ənənəvi və müasir təzyiq vasitələrindən, təhdidlərdən istifadə etməklə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar:

"Azərbaycan artıq Vətən müharibəsindən əvvəlki dövrdə beynəlxalq təşkilatlardan və böyük dövlətlərdən öz problemlərinin həlli üçün dəstək gözləyən ölkə mövqeyindən çıxaraq beynəlxalq proseslərdə fəal iştirak edən dövlətə çevrilib. Bu gün Azərbaycan beynəlxalq tədbirlər, konfranslar və dəyirmi masalar vasitəsilə müxtəlif məsələlərə dair mövqeyini ortaya qoyur, qlobal müzakirələrdə iştirak edir və beynəlxalq münasibətlər sistemində öz rolunu gücləndirir.

Azərbaycanın müstəqil siyasəti və artan beynəlxalq nüfuzu bəzi dövlətlərlə münasibətlərdə gərginliyin yaranmasına səbəb olur. Hesab edirəm ki, bu gərginlik müəyyən müddət davam edə bilər. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında səsləndirdiyi mesajlar da qarşıdakı dövrdə, xüsusilə ideoloji müstəvidə daha həssas proseslərin yaşana biləcəyini göstərir. Azərbaycanın müstəqil siyasətindən narazı olan bəzi dövlətlər müxtəlif təzyiq vasitələri ilə öz mövqelərini ölkəmizə qəbul etdirməyə və Azərbaycanın siyasi kursuna təsir göstərməyə çalışa bilərlər.

Bununla belə, düşünürəm ki, Azərbaycanla münasibətlərdə gərginlik yaradan dövlətlərin bir qismi zamanla ölkəmizin beynəlxalq statusunu və yeni reallıqları qəbul edərək əməkdaşlığa üstünlük verəcək. Bunun üçün Azərbaycanla münasibətlərə əvvəlki yanaşmalar əsasında deyil, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar prinsipləri çərçivəsində yenidən baxılmalıdır. Əks halda, qarşılıqlı etimadın zəifləməsi münasibətlərin daha da gərginləşməsinə və əməkdaşlıq imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər.

Eyni zamanda, Azərbaycanla uzunmüddətli qarşıdurma xəttini seçən dövlətlərin də olacağını istisna etmirəm. Bu baxımdan ölkəmiz xüsusilə ideoloji və informasiya müstəvisində mümkün çağırışlara hazır olmalıdır. Prezidentin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlərdən biri də xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən informasiya resursları ilə bağlı idi. Belə resursların fəaliyyətinin məqsədi, onların Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağa, yoxsa ölkəmizin daxili işlərinə müdaxiləyə xidmət etməsi məsələsi diqqətlə araşdırılmalıdır.

Azərbaycan cəmiyyəti də bu məsələlərə həssas yanaşmalı, informasiya mənbələrini qiymətləndirərkən onların məqsədini və yaydıqları məlumatların mahiyyətini nəzərə almalıdır. Vətəndaş mövqeyi nümayiş etdirmək, milli maraqları qorumaq və informasiya mühitində baş verən proseslərə məsuliyyətlə yanaşmaq bu baxımdan mühüm əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə