“Proqramın uğurlu icrası dövlət büdcəsinin gəlirlərinin artmasına töhfə verə bilər” -DEPUTAT DANIŞDI

“Proqramın uğurlu icrası dövlət büdcəsinin gəlirlərinin artmasına töhfə verə bilər” -DEPUTAT DANIŞDI

““Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” bu günə qədər potensialından tam istifadə olunmayan mühüm bir sahənin inkişafına yeni imkanlar yaradacaq”. Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının uzun illər ərzində sürətli inkişafında neft və qaz sektorunun xüsusi rolu olub:

”Lakin son illərdə neft hasilatında müşahidə olunan azalma iqtisadi artım göstəricilərinə də müəyyən təsir göstərir. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun yeni istiqamətlər hesabına inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Mən hesab edirəm ki, dağ-mədən və metallurgiya sənayesi bu istiqamətdə böyük potensiala malik sahələrdən biridir. Azərbaycanın müxtəlif ərazilərində, xüsusilə də işğaldan azad olunmuş Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında ciddi mineral-xammal ehtiyatlarının mövcudluğu bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Bu ərazilərdə sovet dövründə aparılmış geoloji tədqiqatlar da təbii resurs potensialının müəyyən hissəsini ortaya qoymuşdu. Sonrakı illərdə həmin ərazilərin işğal altında olması isə bu potensialdan Azərbaycanın iqtisadi inkişafı naminə istifadə etməyə imkan vermədi.
Bu gün torpaqlarımızın işğaldan azad olunması ilə həmin imkanlar yenidən Azərbaycanın qarşısında açılıb. Mədən sənayesinin inkişafı ilə yanaşı, yeni geoloji kəşfiyyat işlərinin aparılması da mühüm əhəmiyyət daşıyır. Bu proses yalnız Kəlbəcər, Ağdərə və Zəngilanla məhdudlaşmamalı, Naxçıvan da daxil olmaqla ölkənin digər perspektivli ərazilərində də davam etdirilməlidir.
Burada əsas məsələ yalnız filizin hasil edilməsi deyil. Əsas məqsəd hasil olunan xammalın mümkün qədər ölkə daxilində emal olunması, son məhsula qədər istehsal zəncirinin formalaşdırılması və daha yüksək əlavə dəyərin yaradılmasıdır.
Metallurgiya sənayesi böyük investisiya və texnologiya tələb edən sahədir, lakin eyni zamanda yüksək əlavə dəyər yaratmaq imkanına malikdir. Dövlət proqramında qarşıya qoyulan hədəflərin reallaşması Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və məşğulluğun artırılmasına şərait yarada bilər.
Digər tərəfdən, dünya iqtisadiyyatında nadir və kritik mineral xammala, o cümlədən yaşıl enerji, elektronika və yüksək texnologiyalar sektorlarında istifadə olunan resurslara tələbatın artması bu sahənin əhəmiyyətini daha da artırır.
Dövlət proqramının 2027–2030-cu illəri əhatə etməsi də təsadüfi deyil. Dörd il kifayət qədər konkret və idarəolunan müddətdir. Bu müddət ərzində geoloji kəşfiyyatdan hasilata, emaldan son məhsul istehsalına qədər vahid istehsal zəncirinin formalaşdırılması istiqamətində ciddi nəticələr əldə etmək mümkündür.
Proqramın uğurlu icrası həm dövlət büdcəsinin gəlirlərinin artmasına, həm yeni iş yerlərinin yaradılmasına, həm də regionların iqtisadi inkişafının sürətlənməsinə töhfə verə bilər. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə mədən sənayesinin inkişafı həmin regionlarda yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına və dayanıqlı məşğulluğun yaranmasına imkan verəcək.
Hesab edirəm ki, burada əsas məsələ proqramda müəyyən edilmiş hədəflərin kağız üzərində qalmaması, onların konkret layihələrə çevrilməsidir. Bunun üçün investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi, ekoloji standartların qorunması və şəffaf idarəetmə xüsusi əhəmiyyət daşıyır.
Dövlət Proqramı yalnız mədənlərin işlənməsi proqramı kimi qiymətləndirilməməlidir. Düzgün həyata keçirilərsə, bu proqram Azərbaycanın xammal ixrac edən ölkədən daha çox emal edən və yüksək əlavə dəyər yaradan iqtisadiyyata keçid prosesinə töhfə verə bilər.
Yəni əsas məqsəd torpağın altındakı sərvəti çıxarmaq deyil, həmin sərvətdən ölkə iqtisadiyyatı üçün mümkün qədər çox əlavə dəyər yaratmaqdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi şaxələndirilməsi, regionların inkişafı və yeni məşğulluq imkanlarının yaradılması baxımından mühüm istiqamətlərdən biri ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə