8 Noyabr – Zəfər Günü: milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsi

8 Noyabr – Zəfər Günü: milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsi

“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

Azərbaycanın dövlətçilik salnaməsində elə tarixi günlər mövcuddur ki, onların mənası yalnız bir dövrün hadisəsi olmaqla bitmir, xalqın milli yaddaşına, dövlətçilik düşüncəsinə və tarixi taleyinə əbədi həkk olunur. Bu günlər xalqın iradə və əzminin rəmzinə çevrilərək gələcək nəsillərin tarix qarşısında məsuliyyətini müəyyənləşdirir. 8 Noyabr – Zəfər Günü də məhz belə tarixi günlərdəndir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun gerçəkləşdiyi, milli birliyin, dövlət qüdrətinin və yenilməz iradənin təntənəyə çevrildiyi gündür.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər təsadüfən və ya qısa müddətdə əldə edilməmişdir. Bu qələbənin arxasında xalqımızın onilliklər boyu davam edən mübarizəsi, şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı, dövlətimizin məqsədyönlü siyasəti, güclü iqtisadi potensialın formalaşdırılması və müasir ordu quruculuğu dayanır. Zəfər həm də Azərbaycan dövlətinin öz milli maraqlarını qətiyyətlə müdafiə etmək, beynəlxalq hüquqa əsaslanan mövqeyini sona qədər qorumaq və tarixi ədaləti bərpa etmək əzminin nəticəsidir.

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz ölkəmizin ərazi bütövlüyünə ağır zərbə vurdu. Torpaqlarımızın işğalı nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan dəydi. Uzun illər ərzində işğal altında saxlanılan ərazilərimizdə Azərbaycan xalqının tarixi izlərinin silinməsinə yönəlmiş siyasət həyata keçirildi. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr, yaşayış məntəqələri dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bu, yalnız ərazi itkisi deyil, həm də milyonlarla insanın taleyinə, milli yaddaşımıza və tarixi irsimizə vurulan ağır zərbə idi.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Lakin bu sənədlərin icrasının təmin edilməməsi, beynəlxalq vasitəçilik səylərinin nəticəsiz qalması münaqişənin həllini uzatdı. Azərbaycan isə bütün bu müddət ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qoruyub saxladı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın hərtərəfli inkişafını, iqtisadi müstəqilliyinin möhkəmləndirilməsini, müdafiə qabiliyyətinin artırılmasını və beynəlxalq mövqelərinin gücləndirilməsini təmin etdi. Ölkənin iqtisadi potensialının yüksəldilməsi, sosial infrastrukturun yenilənməsi, müasir ordu quruculuğu, hərbi-texniki imkanların genişləndirilməsi və diplomatik fəaliyyətin gücləndirilməsi vahid strateji məqsədə – Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi. Bu siyasət nəticəsində dövlətin iqtisadi qüdrəti ilə hərbi gücü arasında möhkəm əlaqə yaradıldı, xalq-ordu-dövlət birliyi daha da gücləndi.

2020-ci il sentyabrın 27-də Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, həmçinin də Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın tarixində Vətən müharibəsi kimi əbədiləşən 44 günlük müharibə başlandı. Bu müharibə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək əzmini, ordumuzun döyüş qabiliyyətini və xalqımızın milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Cəbhədə qazanılan uğurlar, ölkə daxilində yaranan birlik və beynəlxalq informasiya müstəvisində aparılan prinsipial mübarizə qələbənin mühüm dayaqlarına çevrildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Hər bir uğurlu əməliyyat xalqımızın qələbəyə inamını daha da artırır, uzun illər davam edən həsrətin sona çatacağına ümidləri gücləndirirdi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə Vətən müharibəsinin taleyində həlledici mərhələ oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı hərbi-strateji əhəmiyyəti ilə yanaşı, böyük mənəvi və tarixi məna daşıyırdı. Bu hadisə xalqımızın milli qürurunu, tarixi yaddaşını və öz torpaqlarına bağlılığını təcəssüm etdirən möhtəşəm qələbə idi.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları da Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Vətən müharibəsində əldə olunan hərbi uğurlar ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə ilə tamamlandı. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi və hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu qərar Şuşanın azad edilməsinin və ümumilikdə tarixi qələbənin milli yaddaşımızda əbədiləşdirilməsinin mühüm ifadəsi oldu.

Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan xalqının milli birliyinin də parlaq təzahürü idi. Cəbhədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, arxa cəbhədə insanların nümayiş etdirdiyi həmrəylik, xaricdə yaşayan soydaşlarımızın informasiya və ictimai diplomatiya sahəsində fəaliyyəti vahid məqsəd ətrafında birləşmiş xalqın gücünü ortaya qoydu. Müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısının qətiyyətli mövqeyi, faktlara əsaslanan açıqlamaları və siyasi iradəsi ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət etdi.

Lakin Azərbaycanın tarixi Zəfəri yalnız 44 günlük müharibənin nəticələri ilə məhdudlaşmadı. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan ordusu 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başladı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror əməliyyatının dayandırılması barədə razılıq əldə olundu. Bununla da Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi istiqamətində mühüm tarixi mərhələ başa çatdı. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Dövlət başçısının həmin gün Xocalı, Xocavənd, Ağdərə və digər yaşayış məntəqələrində də dövlət bayrağımızı ucaltması Azərbaycanın suverenliyinin əyani təcəssümü idi. 2024-cü ildən etibarən sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi də bu tarixi reallığın dövlət səviyyəsində təsbitidir.

Zəfərin siyasi və hərbi nəticələrinin möhkəmləndirilməsi ilə yanaşı, regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, tərəflərin Birgə Bəyannamə imzalaması və sülh sazişinin razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanması bu istiqamətdə mühüm siyasi mərhələ oldu. Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və regional kommunikasiyaların inkişafı kimi prinsiplər ön plana çəkildi.

Zəfərin ən mühüm nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesinin başlanmasıdır. Azərbaycan dövləti bu ərazilərin yenidən qurulmasını yalnız infrastruktur layihəsi kimi deyil, tarixi ədalətin bərpasının, insanların doğma yurdlarına qayıdışının və Qarabağla Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına reinteqrasiyasının mühüm mərhələsi kimi həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən Böyük Qayıdış proqramı bu prosesin əsas istiqamətlərini müəyyənləşdirir. Yeni yollar, tunellər, körpülər, hava limanları, elektrik və su təchizatı sistemləri, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər ardıcıl şəkildə inşa olunur.

Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, müasir texnologiyalara əsaslanan infrastrukturun yaradılması, alternativ enerji mənbələrindən istifadə və ekoloji tarazlığın qorunması işğaldan azad edilmiş ərazilərdə quruculuğun əsas xüsusiyyətlərindəndir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun yalnız əvvəlki vəziyyətinə qaytarılmasını deyil, daha müasir, dayanıqlı və rəqabətqabiliyyətli inkişaf modelinin formalaşdırılmasını hədəfləyir. Burada həyata keçirilən layihələr Azərbaycanın ümumi iqtisadi inkişafına, regionlararası əlaqələrin güclənməsinə və ölkənin tranzit imkanlarının genişlənməsinə də mühüm töhfə verir.

Böyük Qayıdışın ən mühüm göstəricisi isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Qarabağ və Şərqi Zəngəzurda təhsil, səhiyyə, məşğulluq və sosial xidmət infrastrukturunun yaradılması qayıdan əhalinin normal həyat şəraitinin təmin olunmasına xidmət edir. Qarabağ Universitetinin fəaliyyətə başlaması, məktəblərin və digər təhsil müəssisələrinin açılması, sosial xidmətlərin təşkili bu ərazilərin intellektual və iqtisadi potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi, kənd təsərrüfatı və sənaye müəssisələrinin qurulması insanların öz doğma yurdlarında məskunlaşmasının dayanıqlılığını gücləndirir. Beləliklə, Böyük Qayıdış yalnız insanların fiziki olaraq doğma torpaqlarına dönməsi deyil, həmin ərazilərdə yeni həyatın, iqtisadi fəallığın və sosial münasibətlərin bərpasıdır.

Dövlətin sosial siyasətində Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı da xüsusi yer tutur. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi, sosial müdafiə tədbirlərinin genişləndirilməsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən proqramlar dövlətin bu insanlara olan ehtiramının konkret ifadəsidir. YAŞAT Fondunun fəaliyyəti, dövlət və ictimai dəstək mexanizmləri şəhid ailələrinin və qazilərin qayğılarının həllinə mühüm töhfə verir. Bu siyasətin mahiyyətində Vətən qarşısında xidmətin unudulmaması, şəhidlərin əziz xatirəsinin yaşadılması və qəhrəmanlarımızın fədakarlığının daim uca tutulması dayanır. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19791 şəxs öhdəliyə götürülmüş, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həll edilməsinə 96 milyon manata yaxın vəsait xərcləmişdir.

Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətinin qorunması məqsədilə ölkəmizdə mühüm memorial layihələr də həyata keçirilir. Bakıda Zəfər Parkının yaradılması, Zəfər Muzeyinin açılması, Vətən müharibəsinin tarixini əks etdirən ekspozisiyaların təşkili gələcək nəsillərin milli yaddaşının formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu məkanlar yalnız qələbənin xatirəsini yaşatmır, həm də Azərbaycan xalqının hansı tarixi sınaqlardan keçdiyini, müstəqillik və suverenliyin hansı fədakarlıqlar hesabına qorunduğunu nümayiş etdirir.

Bu gün 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında yalnız keçmişin qürurverici səhifəsi kimi deyil, həm də gələcəyə yönəlmiş inkişaf strategiyasının mənəvi dayağı kimi yaşayır. Tarixi Zəfər ölkəmizin qarşısında yeni imkanlar açmış, Azərbaycanın regional və beynəlxalq mövqelərini daha da gücləndirmişdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi potensialın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin inkişafı, regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması bu gün həmin tarixi qələbənin yaratdığı yeni reallıqların əsas istiqamətləridir.

Zəfər Günü həm də bir həqiqəti təsdiqləyir: milli məqsədlər ətrafında birləşən, güclü dövlətçilik iradəsinə və aydın inkişaf strategiyasına malik xalq ən mürəkkəb tarixi sınaqlardan uğurla çıxa bilər. Azərbaycan xalqı öz birliyi, ordusunun qəhrəmanlığı və dövlətinin qətiyyətli siyasəti sayəsində uzun illər arzusunda olduğu tarixi ədaləti bərpa etdi. Bu qələbə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, gələcək nəsillər qarşısında isə böyük məsuliyyətdir.

8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətinin gücünün, xalqımızın milli iradəsinin və tarixi ədalətin təntənəsidir. Bu günün əsas mesajı ondan ibarətdir ki, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması daim güclü dövlət, milli birlik və ardıcıl inkişaf tələb edir. Qarabağda və Şərqi Zəngəzurda qurulan yeni həyat, doğma torpaqlarına qayıdan insanların sevinc və ümidləri, Azərbaycanın regionda sülh və əməkdaşlıq naminə atdığı addımlar tarixi Zəfərin davam edən nəticələridir. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim müstəqil və bütöv olsun!

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, doesnt

Bütün xəbərlər Facebook səhifəmizdə