"Tramp administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər" - POLİTOLOQ

"Tramp administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər" - POLİTOLOQ

"ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə maksimalist tələbləri bu senarini daha da ciddi edib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ABŞ-ın yaxın günlərdə İrana qarşı hərbi təzyiqi artırması, hətta yeni və daha genişmiqyaslı zərbələr endirməsi ehtimalı kifayət qədər ciddidir:

"Ancaq bunun mütləq nüvə hücumu ilə nəticələnəcəyini söyləmək üçün əsas yoxdur. Çünki nüvə silahından istifadə sadəcə hərbi əməliyyatın növbəti mərhələsi deyil, beynəlxalq təhlükəsizlik sisteminin indiyədək formalaşmış qaydalarını dəyişdirə biləcək strateji qərardır.

Bu müzakirələrin əsas səbəblərindən biri ABŞ-da “Fox News”un keçmiş aparıcısı Taker Karlsonun noyabrın 1-də səsləndirdiyi iddialardır. O, Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini söyləyib. Karlsonun iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinə İranın nüvə proqramı ilə əlaqələndirilən obyektləri vurmaq üçün təzyiq göstərir. O, həmçinin ABŞ administrasiyasında bu məsələyə fərqli yanaşmaların olduğunu iddia edib.

Karlsonun açıqlamaları rəsmi qərar və ya təsdiqlənmiş hərbi plan deyil. Hər şeydən öncə bunu bilmək lazımdır. Yenə deyirəm, ABŞ ilə İran arasında hərbi qarşıdurmanın mövcudluğu təhlükənin tamamilə əsassız olduğu mənasına gəlmir. ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək istəyir lakin bu, avtomatik olaraq nüvə silahından istifadə demək deyil. Ümumiyyətlə, Vaşinqtonun yeraltı və möhkəmləndirilmiş obyektləri hədəfə almaq üçün nüvə başlığı daşımayan, lakin yüksək dağıdıcı gücə malik adi bombaları və digər hərbi vasitələri var. Yəni ABŞ İranın nüvə infrastrukturunu sıradan çıxarmağa çalışsa belə, bunu nüvə silahına əl atmadan da edə bilər.

Üstəlik, Tramp oktyabrın 16-da “Reuters”ə müsahibəsində İrana qarşı nüvə silahından istifadə etməyi nəzərdən keçirmədiyini bildirmiş, belə bir silaha ehtiyac olmadığını söyləmişdi. Bu açıqlama da nüvə zərbəsi ilə bağlı iddialara ehtiyatla yanaşmağı tələb edir.

Tramp həqiqətən nüvə silahından istifadə edə bilərmi?

Heç kəsə sirr deyil ki, Tramp ənənəvi diplomatik yanaşmalardan fərqli davranmağı, sərt bəyanatlarla rəqiblərinə təzyiq göstərməyi və hərbi güc nümayiş etdirməyi sevir. Onun siyasi üslubunda gözlənilməzlik xüsusi yer tutur. Bu baxımdan, Trampın İrana qarşı ciddi hərbi qərar qəbul etməsi ehtimalını heç vaxt istisna etmək olmaz. Ancaq nüvə silahından istifadə məsələsi tamam başqa müstəvidədir. ABŞ prezidenti belə bir qərarı vermək səlahiyyətinə sahibdir, ancaq bunun nəticələri təkcə Ağ Evdə verilmiş qərarla məhdudlaşmayacaq. Nüvə hücumunun nəticələri ABŞ-ın beynəlxalq mövqeyinə, müttəfiqləri ilə münasibətlərinə, iqtisadiyyatına və qlobal təhlükəsizlik arxitekturasına təsir göstərəcək.

Misal üçün, Vaşinqtonun İrana münasibətdə əsas hədəfi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq, raket imkanlarını məhdudlaşdırmaq və İranın regiondakı təsirini zəiflətməkdir. Bu məqsədlərə nail olmaq üçün nüvə silahından istifadə etmək ABŞ-ın özünün yaratdığı təhlükəsizlik prinsipləri ilə daban-dabana ziddiyət təşkil edir. Başqa sözlə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyən ABŞ-ın özünün nüvə silahından istifadə etməsi beynəlxalq ictimaiyyət qarşısında ciddi siyasi və məntiqi problem yaradar.

Ən pisi isə bu addım digər dövlətlərə də belə bir mesaj verə bilər ki, nüvə silahına malik olmayan ölkələr böyük dövlətlərin hərbi təzyiqi qarşısında daha müdafiəsizdir. Nəticədə bir sıra dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün nüvə silahı əldə etməyə daha çox maraq göstərər. Onsuz da Səudiyyə Ərərbistanı, Misir, BƏƏ və Türkiyə bu silahı əldə etmək istəyir. Amma belə bir hadisədən sonra heç kəs adını çəkdiyim ölkələrin qabağını ala bilməz.

İranın cavabı hansı nəticələrə səbəb ola bilər?

Aydın məsələdir ki, əgər ABŞ İrana nüvə zərbəsi endirsə, Tehran buna səssiz qalmayacaq. Müqayisə üçün deyim ki, söhbət Naqasaki və Xirosimaya atılan atom bombasından getmir. Yaponlar ilk dəfə idi bu silahı və yaratdığı dağıdıcılığı görmüş, təslim olmuşdu. İran isə bu silaha rəsmi olaraq sahib olmasa da, varlığını, potensialını yaxşı bilir.

İranın cavab imkanları ABŞ ilə birbaşa hərbi güc müqayisəsində məhdud görünsə də, regionda yaratdığı təsir imkanları kifayət qədər genişdir. Misal üçün, İran bütün gücü ilə İsrailə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirə, Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarını hədəfə ala və regiondakı müttəfiq silahlı qruplar vasitəsilə qarşıdurmanın coğrafiyasını genişləndirə bilər. Bundan başqa, Hörmüz boğazı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji marşrutda gəmiçiliyin məhdudlaşdırılması qlobal enerji bazarına ciddi zərbə vura bilər. Neft qiymətlərinin kəskin artması, daşınma xərclərinin yüksəlməsi və enerji təchizatında yaranacaq problemlər təkcə Yaxın Şərq ölkələrinə deyil, Avropa və Asiya iqtisadiyyatlarına da təsir göstərər.

Rusiya və Çin bu müharibəyə qoşula bilərmi?

Nüvə zərbəsi ehtimalının ən təhlükəli tərəflərindən biri də böyük dövlətlərin prosesə qoşulma ehtimalıdır. Rusiya və Çin İranın ABŞ tərəfindən tamamilə sıradan çıxarılmasında maraqlı deyil. Hər iki ölkənin regionda siyasi, iqtisadi və geosiyasi maraqları mövcuddur.

Xüsusilə Rusiya üçün İran Yaxın Şərqdə mühüm tərəfdaşlardan biridir. Tehranın zəifləməsi Moskvanın regiondakı təsir imkanlarına da mənfi təsir göstərər. Çin isə enerji təhlükəsizliyi, ticarət marşrutları və Yaxın Şərqdəki iqtisadi maraqları baxımından müharibənin genişlənməsini istəmir.

Moskva və Pekin normal şərtlərdə ABŞ-a qarşı birbaşa müharibəyə başlamaz. Lakin İrana qarşı nüvə silahından istifadə olarsa, Pekin və Moskva bunun sabah özlərinə qarşı da edilə bilcək hücum kimi başa düşüb müharibəyə qoşula bilərlər. Üçüncü Dünya müharibəsi ehtimalı məhz bu halda baş verə bilər. Əgər qarşıdurma İranla ABŞ arasında məhdud qalmayıb, Rusiya, Çin və digər böyük güclərin birbaşa hərbi müdaxiləsi ilə genişlənərsə, artıq regional müharibədən deyil, qlobal təhlükəsizlik böhranından danışmalı olacağıq.

Azərbaycanın bu prosesdə hansı riskləri var?

Azərbaycan İrana müdaxiləni başından bəri istəmir və dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir. Eyni zamanda Bakı İranla birbaşa sərhədinin olmasını nəzərə alır, habelə regiondakı enerji və nəqliyyat layihələrini, Xəzər hövzəsindəki geosiyasi maraqlarını düşünür. Müharibənin genişlənməsinin, əlbəttə Azərbaycana təsiri olacaq.

İlk növbədə, İranın daxilində sabitliyin pozulması və mümkün humanitar böhran bu ölkədəki azərbaycanlıların və digər etniklərin sərhədə axın edib Azərbaycana üz tutması deməkdir.

Bundan başqa, ABŞ və İsrailin hərbi əməliyyatlarının genişlənməsi Tehran tərəfindən regiondakı dövlətlərə münasibətin sərtləşdirilməsinə səbəb ola bilər. Yaxın keçmişdə Tehranın belə situasiyalarda nəzarəti itirdiyinin şahidi olmuşuq.

Neft qiymətlərinin artması müəyyən iqtisadi üstünlüklər yaratsa da, qlobal ticarət, logistika və maliyyə bazarlarındakı qeyri-sabitlik Azərbaycan iqtisadiyyatı üçün risklər yaradar.

Hesab edirəm ki, hazırkı mərhələdə ABŞ-ın İrana nüvə zərbəsi endirməsindən daha çox, adi silahlarla genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalı daha realdır. Trampın nüvə silahından istifadə qərarı verməsi nəzəri cəhətdən mümkündür, lakin bunun ABŞ üçün yaradacağı siyasi, hərbi və geosiyasi nəticələr belə bir addımı mümkünsüz edir.

Trampın əsas məqsədi İranı müharibə yolu ilə tamamilə məhv etməkdən daha çox, onu danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etməkdir. Bunun üçün hərbi təzyiq, sanksiyalar və güc nümayişi onun əlində daha idarəolunan vasitələrdir. Nüvə zərbəsi isə bu strategiyanın əksinə, münaqişəni daha geniş coğrafiyaya yayar və nəzarətdən çıxmasına səbəb olar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə