"Putinin irəli sürdüyü şərtlər atəşkəsə gedən yolu çətinləşdirir" - POLİTOLOQ

"Putinin irəli sürdüyü şərtlər atəşkəsə gedən yolu çətinləşdirir" - POLİTOLOQ

"Rusiya-Ukrayna müharibəsində hazırda mövqe müharibəsi gedir. İkinci Dünya müharibəsinin terminologiyası ilə desək, səngər müharibəsi aparılır. Hər iki tərəf üçün ciddi irəliləyiş yoxdur. Rusiya əhəmiyyətli dərəcədə irəliləyə bilmir, Ukrayna isə Rusiyanın işğal etdiyi əraziləri azad edə bilmir".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, hər iki tərəf artıq yorulub:

"Bilirsiniz, boksda 12-ci raundda idmançılar yorulanda bir-birlərini qucaqlayırlar. Boks terminologiyasında buna “klinç” deyilir. Rusiya-Ukrayna müharibəsi də hazırda məhz belə bir klinç vəziyyətindədir. Tərəflərin hər ikisinin nəfəsi tükənib. Hər ikisi vaxt qazanmaq, bir qədər dincəlmək istəyir. Lakin onların tələbləri o qədər fərqlidir ki, bu, müharibənin dayandırılmasına imkan vermir.

Əsasən də Rusiyanın, daha dəqiq desək, Putinin tələbləri danışıqlarda ciddi maneəyə çevrilir. Putin Zelenskidən bütün Donbasın Rusiyaya verilməsini, həmçinin Donbas və Krımın işğalının tanınmasını tələb edir. Zelenski bunu qəbul edə bilməz. Əks halda, bu, onun üçün siyasi intihar olardı.

Zelenski isə atəşkəsin əldə olunmasını və hər iki tərəfin hazırkı mövqelərində dayanmasını istəyir. Onun əsas şərti budur. Putin isə bunu qəbul edə bilməz. Çünki Putinin qarşıya qoyduğu hədəflər, ən azı, Donbas və Krımla bağlı tələblərdir. Belə bir vəziyyətdə Donbası tam işğal etmədən müharibəni dayandırması və atəşkəs sazişi imzalaması Putinin ölkə daxilində ciddi suallarla üzləşməsinə səbəb olacaq.

Çünki Putin Rusiyanın Konstitusiyasında bütün Donbası Rusiya ərazisi kimi tanıyıb. Yəni artıq Donbas Rusiya ərazisi elan edilib. Lakin Donbası tam işğal etmədən müharibəni dayandırmaq Putinin öz ölkəsinin Konstitusiyasına zidd addım atması demək olardı. Putin bunu da edə bilməz.

Beləliklə, tərəflər arasında dalana dirənmiş vəziyyət yaranıb".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə