“44 günlük Vətən müharibəsində Əhməd Cavadın azadlıq arzuları gerçəkləşdi” - Zahid Oruc
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda əsrlər boyu davam edən mübarizəsinin tarixi nəticəsi oldu. Zəfər Günü üçrəngli bayrağımızın Şuşada ucalması və milli birliyimizin təntənəsi kimi tarixə düşdü.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Himninin sözlərində əksini tapan qəhrəmanlıq və Vətənə sədaqət çağırışları 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan əsgərləri tərəfindən əməli şəkildə gerçəkləşdirilib.
Deputat qeyd edib ki, xalqın tarix boyu keçdiyi sınaqlar güclü orduya, vahid xalqa və monolit dövlətə ehtiyac olduğunu bir daha göstərib. Onun sözlərinə görə, müxtəlif tarixi mərhələlərdə yarımçıq qalmış azadlıq mübarizələrinin arzuları 44 günlük müharibədə öz təcəssümünü tapıb.
Z.Oruc vurğulayıb ki, 8 Noyabr – Zəfər Günündə üçrəngli bayrağımızın Şuşada ucaldılması milyonlarla azərbaycanlının arzusunun gerçəkləşməsi olub. Müxtəlif ölkələrdən, sosial təbəqələrdən və dini mənsubiyyətlərdən olan insanlar bir Vətən, bir bayraq və bir amal uğrunda birləşərək tarixi Qələbənin əldə olunmasına töhfə veriblər.
Deputat bildirib ki, bu gün Qarabağda yeni quruculuq mərhələsi başlayıb, doğma yurdlarına qayıdan ailələr və azad edilmiş ərazilərdə yenidən canlanan həyat Zəfərin nəticələrini əks etdirir.
O, tarixi Qələbənin gələcək nəsillərə çatdırılması üçün milli birliyin qorunmasının və ölkənin bir daha işğal, məğlubiyyət sınağı ilə üzləşməməsinin vacibliyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB