Mərkəzi Gömrük Hospitalında “Pre-analitik xətalar: hemoliz, ikter, lipemiya indeksləri və nümunə imtinası” mövzusunda seminarı keçiriləcək

Mərkəzi Gömrük Hospitalında “Pre-analitik xətalar: hemoliz, ikter, lipemiya indeksləri və nümunə imtinası” mövzusunda seminarı keçiriləcək

6 noyabr 2026-cı il tarixində saat 15:00-dan 16:00-dək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün növbəti elmi-maarifləndirici seminar keçiriləcək.
Seminarda Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Dr. Gülşən Babayeva “Pre-analitik xətalar: hemoliz, ikter, lipemiya indeksləri və nümunə imtinası” mövzusunda təqdimatla çıxış edəcək.
Laborator diaqnostikada nəticələrin dəqiqliyinin təmin olunması, pre-analitik mərhələdə meydana çıxan xətaların müəyyənləşdirilməsi və nümunələrin keyfiyyətinə nəzarət prinsiplərinin öyrənilməsi məqsədilə təşkil olunan seminar rezidentlər üçün nəzəri biliklərin genişləndirilməsi və laborator proseslərə dair peşəkar yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətli olacaq.
Tədbir çərçivəsində hemoliz, ikter və lipemiya indekslərinin laborator nəticələrə təsiri, bioloji nümunələrin düzgün götürülməsi və daşınması, laboratoriyaya daxil olan nümunələrin qəbul və imtina meyarları, həmçinin pre-analitik xətaların qarşısının alınması yolları ətraflı müzakirə ediləcək. İştirakçılar mövzu ilə bağlı suallarını ünvanlamaq və laborator diaqnostikada keyfiyyətə nəzarətin vacib aspektləri barədə məlumat əldə etmək imkanı qazanacaqlar.
Elmi və praktik biliklərin paylaşılması məqsədi daşıyan seminar rezidentlərin laborator diaqnostika sahəsində məlumatlılığının artırılmasına və gələcək klinik fəaliyyətlərində düzgün qərarvermə bacarıqlarının inkişafına töhfə verəcək.
Seminar laborant həkimlər, rezidentlər və orta tibb işçiləri üçün nəzərdə tutulmuşdur.
Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə