"Mədəniyyətimizə göstərilən diqqət milli gələcəyimizə qoyulan sərmayədir" - ŞƏRH

"Mədəniyyətimizə göstərilən diqqət milli gələcəyimizə qoyulan sərmayədir" - ŞƏRH

"Azərbaycanın mədəni irsinin qorunması, milli incəsənətimizin inkişafı və dünyaya təqdim olunması dövlət siyasətimizin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olmaları da milli mədəniyyətimizə, yaradıcı insanlara və sənətə göstərilən yüksək diqqətin növbəti ifadəsidir. Bu, eyni zamanda, Azərbaycanın yalnız siyasi və iqtisadi gücü ilə deyil, zəngin mədəni irsi və yaradıcı potensialı ilə də tanınmasına verilən önəmin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Abşeron Azərbaycan mədəniyyətində sadəcə coğrafi məkan deyil, özünəməxsus düşüncə, estetik zövq və yaradıcılıq məktəbidir:

"Onun təbiəti, tarixi, memarlığı, rəngləri və mənəvi mühiti onilliklər boyu sənət adamları üçün ilham mənbəyi olub. Belə sərgilər keçmişlə müasirlik arasında mənəvi körpü yaradır, milli yaddaşımızın sənət vasitəsilə gələcək nəsillərə ötürülməsinə xidmət edir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyəti milli kimliyimizin qorunması ilə yanaşı, beynəlxalq nüfuzumuzun gücləndirilməsində də mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizin təbliği və qorunması istiqamətində çoxşaxəli fəaliyyəti isə bu siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Bu gün dünyada dövlətlərin gücü yalnız iqtisadi göstəricilər və hərbi imkanlarla ölçülmür. Mədəniyyət də beynəlxalq münasibətlərdə mühüm təsir vasitəsinə çevrilib. Azərbaycan öz milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, onları müasir dünyanın mədəni məkanına uğurla inteqrasiya etdirir.

Hesab edirəm ki, belə tədbirlərin ən mühüm mesajlarından biri də budur: Güclü dövlət yalnız sərhədlərini deyil, milli yaddaşını, mədəni kimliyini və mənəvi irsini də qoruyan dövlətdir. Azərbaycanın siyasi müstəqilliyi onun mədəni özünəməxsusluğu ilə tamamlanır. Mədəniyyətimizə göstərilən diqqət isə əslində, milli gələcəyimizə qoyulan sərmayədir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə