YAP-ın gücü dövlətçiliyə sədaqətində, cəmiyyətlə əlaqələrində və yeniliklərə uyğunlaşmasındadır - MİLLƏT VƏKİLİ
“Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında müəyyənləşdirilən vəzifələr yalnız partiyadaxili fəaliyyətin növbəti mərhələsini deyil, bütövlükdə Azərbaycanın yeni siyasi və geosiyasi reallıqlar şəraitində qarşıya qoyduğu strateji hədəfləri əks etdirir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan regionda yeni reallıqlar yaradan, beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirən və müstəqil siyasi iradəsini qətiyyətlə nümayiş etdirən dövlətdir:
”Belə bir mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr də zamanın tələblərinə uyğun olaraq yeni məzmun qazanır.
Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarını, milli birliyi və Azərbaycanın davamlı inkişafını öz fəaliyyətinin əsas prinsipləri kimi müəyyənləşdirib. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi üzərində formalaşan bu ideoloji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir. Partiyanın əsas siyasi gücü də məhz dövlətçilik prinsiplərinə sədaqətində, cəmiyyətlə əlaqələrində və yeniləşən çağırışlara uyğun fəaliyyət göstərmək bacarığındadır.
Hesab edirəm ki, qurultayda qarşıya qoyulan mühüm vəzifələrdən biri Prezident İlham Əliyevin müəyyən etdiyi strateji siyasi kursun həyata keçirilməsinə fəal töhfə vermək, ölkəmizin inkişaf prioritetlərinin ictimai-siyasi müstəvidə dəstəklənməsini gücləndirməkdir. Burada söhbət yalnız qəbul edilmiş qərarların təbliğindən getmir. Əsas məsələ vətəndaşlarla davamlı dialoq qurmaq, onların problemlərinə həssas yanaşmaq, ictimai təşəbbüsləri dəstəkləmək və dövlətlə cəmiyyət arasında siyasi etimadı daha da möhkəmləndirməkdir.
Xüsusilə gənclərlə işin gücləndirilməsi, müasir siyasi düşüncəyə malik kadrların yetişdirilməsi, rəqəmsal kommunikasiya imkanlarından səmərəli istifadə və ideoloji fəaliyyətin yeni metodlarla təşkili partiyanın gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müasir dövrdə siyasi təşkilatın gücü yalnız üzvlərinin sayı ilə deyil, cəmiyyətin dəyişən tələblərinə nə dərəcədə operativ və effektiv cavab verməsi ilə ölçülür.
Bu gün Azərbaycanın qarşısında Böyük Qayıdışın davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, iqtisadi qüdrətin artırılması və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının bu proseslərdə fəal iştirakı həm siyasi məsuliyyət, həm də dövlətçilik missiyasıdır.
Əminəm ki, Yeni Azərbaycan Partiyasının yeni dövrdə əsas gücü tarixi ənənələrini qorumaqla yanaşı, gələcəyin çağırışlarına hazır olmasında, siyasi sabitliyin möhkəmləndirilməsinə və milli inkişaf hədəflərinə real töhfələr verməsində olacaq. Çünki güclü siyasi təşkilat yalnız bu günün uğurlarını müdafiə edən deyil, sabahın inkişafına da məsuliyyətlə yanaşan təşkilatdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB