“Azərbaycan-Ermənistan sülhü öhdəliklərin icrası və hüquqi təminatla möhkəmlənməlidir” - ŞƏRH

“Azərbaycan-Ermənistan sülhü öhdəliklərin icrası və hüquqi təminatla möhkəmlənməlidir” - ŞƏRH

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından tarixi əhəmiyyət daşıyır. Otuz ildən artıq davam edən münaqişə regionda siyasi etimadsızlıq, iqtisadi parçalanma və təhlükəsizlik riskləri yaradıb”.

Bu sözləri politoloq Rəşad Bayramov ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu baxımdan, sülhün əldə olunması təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, həm də Cənubi Qafqazın əməkdaşlıq, iqtisadi inkişaf və qarşılıqlı faydalı tərəfdaşlıq məkanına çevrilməsi üçün mühüm imkan deməkdir:

“2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmalar, sülh sazişinin mətninin paraflanması və birgə bəyannamənin imzalanması bu istiqamətdə mühüm mərhələ oldu.
Lakin əldə edilmiş siyasi razılaşmaların real və davamlı sülhə çevrilməsi üçün növbəti mərhələdə konkret hüquqi və siyasi addımların atılması vacibdir. İlk növbədə, Ermənistan öz konstitusion və hüquqi müstəvisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara dair müddəalarla bağlı məsələləri həll etməlidir. Bu məsələ iki ölkə arasında etimadın möhkəmləndirilməsi və gələcəkdə mümkün ərazi iddialarının hüquqi əsas kimi istifadə edilməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Digər mühüm məsələ Ermənistanın siyasi bəyanatlarla kifayətlənməməsi və sülh gündəliyini praktik fəaliyyətlə dəstəkləməsidir. Çünki beynəlxalq münasibətlərdə bəyanatlar müəyyən siyasi iradəni nümayiş etdirsə də, davamlı sülh yalnız hüquqi öhdəliklərin yerinə yetirilməsi və konkret nəticələrlə möhkəmlənir. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində konstruktiv mövqe nümayiş etdirməli, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı əldə olunmuş razılaşmaların icrasına töhfə verməli, qarşılıqlı iqtisadi əlaqələrin inkişafına mane olan siyasi yanaşmalardan uzaqlaşmalıdır.
Bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. TRIPP layihəsinin həyata keçirilməsi regionun tranzit imkanlarını genişləndirməklə yanaşı, Ermənistanın da iqtisadi və logistika imkanlarından faydalanmasına şərait yarada bilər. Eyni zamanda, sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsi, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və humanitar məsələlərin həlli qarşılıqlı etimadın formalaşmasına xidmət etməlidir.
Xüsusilə vurğulamaq istərdim ki, davamlı sülh təkcə hökumətlərarası razılaşmalarla məhdudlaşmamalıdır. Ermənistan cəmiyyətində revanşist yanaşmaların və Azərbaycan əleyhinə düşmənçilik ritorikasının təşviq edilməməsi, siyasi qüvvələrin sülh gündəliyinə məsuliyyətlə yanaşması da vacibdir.
Beləliklə, Azərbaycan-Ermənistan sülh prosesi artıq siyasi bəyanatlar mərhələsindən konkret icra və hüquqi təminat mərhələsinə keçməlidir. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi, mövcud fikir ayrılıqlarını hüquqi və diplomatik yollarla aradan qaldırması və regional əməkdaşlığa real töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu prosesin uğuru təkcə Bakı və İrəvanın münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafına təsir göstərəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə