Ət alarkən təzəliyi necə yoxlamalı və keyfiyyətsiz satışın qarşısını necə almalı? - QİDA EKSPERTİ
"Ət alarkən istehlakçılar ilk növbədə məhsulun rənginə, qoxusuna, quruluşuna və satış şəraitinə diqqət yetirməlidirlər. Təzə mal və qoyun əti, adətən, özünəməxsus təbii rəngə, yüngül qoxuya və elastik quruluşa malik olur. Ətə barmaqla yüngül təzyiq etdikdə yaranan çökəklik qısa müddətdə bərpa olunmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, ətin səthində yapışqanlıq, selikli təbəqə, kəskin və xoşagəlməz qoxu, qeyri-adi rəng dəyişiklikləri keyfiyyətin pisləşməsinə işarə edə bilər. Bununla belə, yalnız görünüş və qoxuya əsaslanaraq ətin təhlükəsiz olduğunu müəyyən etmək mümkün deyil. Çünki bəzi xəstəlik törədiciləri ətin rəngini, qoxusunu və dadını dəyişmədən də mövcud ola bilər:
"İstehlakçılar əti küçə satışından və mənşəyi məlum olmayan yerlərdən deyil, baytarlıq nəzarəti təmin edilən rəsmi satış məntəqələrindən almalıdırlar. Ətin mənşəyini və baytarlıq ekspertizasından keçdiyini təsdiqləyən sənədlərin mövcudluğu vacibdir. Həmçinin satış yerinin təmizliyinə, ətin uyğun temperaturda saxlanmasına, çiy ətin digər məhsullardan ayrı yerləşdirilməsinə diqqət yetirilməlidir.
Keyfiyyətsiz və baytarlıq nəzarətindən keçməmiş ətin satışının qarşısını almaq üçün bazarlarda və mağazalarda mütəmadi dövlət nəzarəti gücləndirilməli, ətin mənşəyi izlənilməli, baytarlıq ekspertizası aparılmalı və sanitariya qaydalarına əməl olunması yoxlanılmalıdır. Qanun pozuntularına yol verən satıcılara qarşı müvafiq tədbirlər görülməli, təhlükəli məhsullar satışdan çıxarılmalıdır. Eyni zamanda, heyvanların kəsiminin qanunvericiliyin tələblərinə uyğun, nəzarət olunan kəsim məntəqələrində həyata keçirilməsi təmin edilməlidir.
Unutmaq olmaz ki, ətin təzə görünməsi onun mütləq təhlükəsiz olması demək deyil. İstehlakçıların diqqətli davranışı, satıcıların məsuliyyəti və dövlət nəzarətinin effektiv təşkili ət məhsullarından qaynaqlanan qida zəhərlənmələrinin və infeksiyaların qarşısının alınmasında mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB