Süni intellektlə gəlir əldə etmək nə dərəcədə realdır? - TEXNOLOQ DANIŞDI

Süni intellektlə gəlir əldə etmək nə dərəcədə realdır? - TEXNOLOQ DANIŞDI

"Süni intellekt vasitəsilə pul qazanmaq mövzusu hazırda bir qədər şişirdilmiş şəkildə təqdim olunur. İnsanlarda belə fikir yaranır ki, hansısa süni intellekt alətini açmaq kifayətdir və gəlir özü gələcək. Əslində isə qazanc yenə də bacarıqdan, düzgün xidmət qurmaqdan və müştəriyə real fayda verməkdən yaranır".

Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, süni intellekt sadəcə həmin prosesi sürətləndirir:

"Ölkəmizdə bunun real nümunələri kifayət qədər çox ola bilər. Məsələn, kiçik bizneslər üçün sosial media məzmunu hazırlamaq, reklam ideyaları yaratmaq, videolara subtitrlər əlavə etmək, sadə dizaynlar hazırlamaq, hesabatları avtomatlaşdırmaq və müştəri sorğularına ilkin cavab verən çatbotlar qurmaq mümkündür. Bunların hamısını real xidmətə çevirmək olar.

Məncə, ən yaxşı qazanc modeli insanın öz peşəsini süni intellektlə birləşdirməsidir. Mühasib süni intellektdən hesabatların hazırlanmasında istifadə edə bilər, dizayner daha tez müxtəlif variantlar yarada bilər, proqramçı kod yazma prosesini sürətləndirə bilər, müəllim isə fərdi tədris materialları hazırlaya bilər. Yəni süni intellekt peşəni əvəz etmir, həmin peşədə məhsuldarlığı artırır.

Ümumiyyətlə, asan qazanc vəd edən təkliflərə çox ehtiyatla yanaşmaq lazımdır. Əgər sizə heç bir bacarıq tələb olunmadığı, gündə yarım saat işləməklə yüksək gəlir əldə edəcəyiniz deyilirsə, bu, artıq şübhəli səslənir. Xüsusilə əvvəlcədən pul, kurs haqqı və ya hansısa gizli sistemə giriş üçün ödəniş tələb olunursa, diqqətli olmaq vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə