"Dövlət idarəçiliyi sahəsində gələcəyin peşəkar kadrları Akademiyada yetişdirilir" - DEPUTAT DANIŞDI
"Azərbaycan Dövlət İdarəçilik Akademiyası ölkəmizdə tədrisin yüksək səviyyədə təşkil olunduğu ali təhsil müəssisələrindən biridir. Burada elə nadir ixtisaslar mövcuddur ki, həmin istiqamətlər üzrə peşəkar kadrlar məhz bu Akademiyada hazırlanır".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bunlara davamlı inkişaf, dövlət kadrlarının hazırlanması, ictimaiyyətlə əlaqələr və dövlət idarəçiliyi kimi sahələri aid etmək olar:
"Tədris proqramları yüksək peşəkarlıqla hazırlanır və metodoloji baxımdan sistemli şəkildə tələbələrə təqdim olunur. Proqramların modul, vizual və yazılı materiallarla dəstəklənməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərir.
Ona görə də son günlərdə akkreditasiya ilə bağlı mənfi qərarın verilməsini, fikrimcə, epizodik hal kimi qiymətləndirmək lazımdır. Bu məsələ Azərbaycan Dövlət İdarəçilik Akademiyasında təhsilin keyfiyyətini bütövlükdə şübhə altına almaq üçün əsas olmamalıdır. Təşkilati və inzibati məsələlərdə müəyyən çatışmazlıqlar ola bilər və onların aradan qaldırılması mümkündür.
Əsas məsələ odur ki, Akademiyaya yüksək balla qəbul olunan tələbələr gözləntilərini doğruldan təhsil ala bilsinlər və gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və bacarıqlara yiyələnsinlər.
Düşünürəm ki, Prezident yanında belə bir ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi dövlət idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanmasının nə qədər vacib olduğunu göstərir. Gələcəyin idarəetmə kadrlarının Azərbaycan Dövlət İdarəçilik Akademiyasında yetişdirilməsi ölkəmizdə həyata keçirilən kadr islahatlarının əsas təminatlarından biri ola bilər. Bu istiqamətdə mövcud baza genişləndirildikcə və gücləndirildikcə, dövlət idarəçiliyi sisteminin peşəkar kadrlarla təmin olunmasına da mühüm töhfə veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB