“Rəqəmsal ünsiyyətdə insan amili əsas götürülməlidir” - Darla K. Deardorff

“Rəqəmsal ünsiyyətdə insan amili əsas götürülməlidir” - Darla K. Deardorff

Rəqəmsal mühitdə mədəniyyətlərarası ünsiyyət yalnız texniki bacarıqlarla məhdudlaşmır, eyni zamanda empatiya, qarşılıqlı anlaşma və fərqli baxışlara hörmət tələb edir.

SİA xəbər verir ki, bunu Cənubi Afrikanın Stellenbosch Universitetinin Mədəniyyətlərarası Bacarıqlar üzrə UNESCO kafedrasının rəhbəri Darla K. Deardorff Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq” adlı panel sessiyasında deyib.

O bildirib ki, mədəniyyətlərarası səriştə müxtəlif dillərdə danışmaq, bilik mübadiləsi aparmaq və ya texniki bacarıqlara malik olmaqdan daha geniş anlayışdır. Bu, insanların gündəlik həyatında tətbiq etməli olduğu, başqaları ilə münasibətlərini və dünyaya yanaşmasını müəyyənləşdirən bir bacarıqdır.

D.Deardorffun sözlərinə görə, rəqəmsal və üzbəüz ünsiyyətdə qarşı tərəfi anlamaq məqsədilə dinləmək, fərqli baxış bucaqlarını nəzərə almaq, öz düşüncələrini tənqidi təhlil etmək, empatiya göstərmək və ünsiyyət zamanı çevik davranmaq xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, rəqəmsal mühitdə stereotiplərin və qərəzli yanaşmaların güclənməsi daha asan baş verə bilər. Buna görə də insanların onlayn ünsiyyətdə kimin fikirlərinin təqdim olunduğuna, kimin səsinin eşidilmədiyinə və hansı yanaşmaların ön plana çıxarıldığına diqqət yetirməsi vacibdir.

UNESCO kafedrasının rəhbəri vurğulayıb ki, texnologiyaların vasitəçiliyi ilə qurulan ünsiyyətdə də insan amili əsas götürülməli, qarşılıqlı münasibətlərdə empatiya və hörmət qorunmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə