Hər hansı şagirdin fərdi qabiliyyətinin müəyyənləşdirilməsi və aşkarlanması, hesab edirəm ki, ilk sinifdən sonrakı mərhələdə həyata keçirilməlidir. Xüsusilə valideyn-müəllim əməkdaşlığı uşağın istedad və bacarıqlarının üzə çıxarılmasına mühüm töhfə verə bilər. Bu baxımdan müəllimlər valideynlərlə mütəmadi əlaqə saxlamalıdırlar. Çünki valideynin övladı ilə bağlı istək və arzuları fərqli istiqamətdə ola bilər, müəllim isə şagirddə başqa sahəyə uyğun qabiliyyət aşkarlaya bilər. Bu da uşağın gələcəkdə düzgün istiqamətləndirilməsinə təsir göstərə bilər.
Bu sözləri SİA-ya təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, məktəb, müəllim və valideyn üçbucağının düzgün formalaşdırılması şagirdlərin potensialının üzə çıxarılması baxımından vacibdir:
“Bununla yanaşı, beynəlxalq təcrübədə şagirdlərin fərdi qabiliyyətlərinin müəyyənləşdirilməsi üçün müxtəlif testlərin tətbiq edildiyini görürük. Xüsusilə VI-VII siniflərdə keçirilən belə qiymətləndirmələr vasitəsilə uşaqların tibb, mühəndislik, iqtisadiyyat və digər peşə sahələrinə uyğun düşünmə və bacarıq xüsusiyyətləri müəyyənləşdirilir. Bu testlər ənənəvi imtahan xarakteri daşımır, daha çox şagirdin düşünmə tərzini, hansı istiqamətdə daha uğurlu ola biləcəyini aşkara çıxarmağa xidmət edir.
Azərbaycanda da bəzi müəllimlər və özəl liseylər tərəfindən bu istiqamətdə müəyyən testlər həyata keçirilir. Lakin hesab edirəm ki, ən səmərəli yanaşma şagirdin fərdi istedadının müəllim və valideynin birgə əməkdaşlığı əsasında müəyyənləşdirilməsidir. Bu əməkdaşlıq uşağın potensialını düzgün qiymətləndirməyə və gələcəkdə hansı sahədə daha uğurlu ola biləcəyini müəyyən etməyə kömək edə bilər.
Bəzən valideynlərin övladlarının peşə seçimi ilə bağlı müəyyən təzyiqləri müşahidə olunur. Məsələn, ailədə həkim olmadığı üçün valideyn övladının mütləq həkim olmasını istəyir. Halbuki uşağın tibb sahəsinə marağı və bu istiqamətdə müvafiq qabiliyyəti olmaya bilər. Eyni vəziyyət digər peşələrdə də yaşanır. Uşağın dizayna, rəssamlığa marağı və rəsm çəkmək qabiliyyəti olduğu halda, valideyn onu mühəndisliyə, tibbə və ya iqtisadiyyata yönləndirməyə çalışa bilər.
Bu baxımdan uşağın fikrinin və istəyinin nəzərə alınması vacibdir. Valideyn və müəllim şagirdin potensialını birlikdə qiymətləndirməli, onun maraq və bacarıqlarına uyğun ortaq qərara gəlməlidirlər. Çünki uşağın qabiliyyətinə uyğun olmayan sahəyə yönləndirilməsi gələcəkdə uğursuz nəticələrə səbəb ola bilər. Müəllim şagirdin potensialını valideynə çatdırmalı, valideyn isə bu məlumatları nəzərə alaraq övladının gələcək peşə seçiminə yanaşmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB