Putin Afrikanı öz tərəfinə çəkmək istəyir

Putin Afrikanı öz tərəfinə çəkmək istəyir

Ukraynada müharibə uzandıqca Rusiya xaricdə müttəfiqlər axtarır və beynəlxalq təsir imkanlarını genişləndirməyə çalışır. Afrika ölkələrinin hökumətləri isə öz maraqlarını rəhbər tutaraq Kremlə yaxınlaşırlar.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu həftə Moskvada keçirilən üçüncü Rusiya-Afrika Sammitinə ev sahibliyi edən Prezident Vladimir Putin Rusiyanı Afrika üçün Qərbdən daha əlverişli tərəfdaş kimi təqdim edib. O, Qərbi qitənin təbii sərvətlərini istismar etməkdə, müstəmləkəçilik yanaşmasını davam etdirməkdə və borclardan istifadə etməklə Afrikanın inkişafına mane olmaqda ittiham edib.

Putinin sözlərinə görə, Rusiya hər iki tərəfin ticarət və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi hesabına inkişaf edə biləcəyi fərqli əməkdaşlıq modeli təklif edir.

“Bizim biznesimiz təbii və insan resurslarının yırtıcı, neomüstəmləkəçi istismarı ilə məşğul olmur”, – deyə Putin bildirib. O əlavə edib ki, Rusiya şirkətləri yerli əhalinin məşğulluğunun artırılmasına və vergi daxilolmalarının yüksəlməsinə dəstək verir.

Kremlin köməkçisi Yuri Uşakovun məlumatına görə, iki gün davam edən sammitdə Afrikanın 54 ölkəsindən 48-nin nümayəndə heyəti iştirak edib. Onlardan 22-si dövlət başçıları səviyyəsində təmsil olunub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə keçirilən sammitdə 17, 2019-cu ildə baş tutan ilk görüşdə isə 43 dövlət başçısı iştirak edib.

Belə yüksək səviyyəli təmsilçilik Qərbin sərt sanksiyaları ilə üzləşən və beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunan Moskva üçün öz mövqelərini gücləndirmək və bu təcridə qarşı çıxmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə