"Azərbaycanın idman infrastrukturu növbəti beynəlxalq yarışa uğurla ev sahibliyi etdi" - DEPUTAT

"Azərbaycanın idman infrastrukturu növbəti beynəlxalq yarışa uğurla ev sahibliyi etdi" - DEPUTAT

"Bakıda ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində qazandığı təcrübənin növbəti mühüm göstəricisidir. Oktyabrın 30-da Bakı Kristal Zalında turnirin final qarşılaşmasını Prezident İlham Əliyevin izləməsi və qaliblərin mükafatlandırılması mərasimində iştirakı tədbirin əhəmiyyətini bir daha diqqətə çatdırdı".

Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu yarışa ev sahibliyi etmək ölkəmiz üçün həm də Azərbaycanın təşkilati imkanlarını, idman infrastrukturunu və beynəlxalq əməkdaşlıq potensialını nümayiş etdirmək baxımından əhəmiyyətli hadisə oldu:

"Bu tədbirin ən diqqətçəkən məqamlarından biri onun geniş beynəlxalq təmsilçiliyi idi. 189 FIFA üzv assosiasiyasının Bakıda bir araya gəlməsi daha çox ölkənin yeniyetmə futbolçularına beynəlxalq təcrübə qazanmaq imkanı yaratdı.

FIFA prezidenti Canni İnfantinonun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü də bu baxımdan xüsusi diqqət çəkirdi. Görüşdə Azərbaycanda futbolun inkişafı, FIFA ilə əməkdaşlığın perspektivləri və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məsələləri müzakirə olundu. Bu təmaslar Azərbaycanın dünya futbol ailəsində əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

U-15 Dünya Çempionatının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman məkanında tanıdılması üçün də geniş imkanlar yaratdı. Dünyanın müxtəlif ölkələrindən futbolçuların, məşqçilərin və idman nümayəndələrinin Azərbaycana gəlməsi ölkəmizin idman potensialı ilə yanaşı, turizm və qonaqpərvərlik imkanlarının da təqdimatına şərait yaratdı. Eyni zamanda, müxtəlif futbol məktəblərinin nümayəndələrinin bir araya gəlməsi təcrübə mübadiləsi üçün əlverişli platforma formalaşdırdı.
Azərbaycanın bu yarışa ev sahibliyi etməsi təsadüfi deyil. Ölkəmiz son illərdə beynəlxalq idman tədbirlərinin təşkili sahəsində mühüm təcrübə qazanıb. İlk Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-prisi, UEFA Avropa Liqasının finalı, müxtəlif dünya və Avropa çempionatları ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını nümayiş etdirib.

Müasir idman infrastrukturunun yaradılması və təşkilati imkanların genişləndirilməsi Azərbaycanın beynəlxalq idman qurumları ilə əməkdaşlığında yeni perspektivlər açıb. U-15 Dünya Çempionatının uğurla yekunlaşması da bu təcrübənin davamıdır.

İspaniya çempion olsa da, yarışda iştirak edən bütün komandalar özləri üçün mühüm təcrübə qazandılar. İdmanın fəlsəfəsi də məhz bundan ibarətdir - qələbə uğrunda mübarizə aparmaq, rəqibə hörmət etmək və daim inkişaf etmək.
Bu yarışın mühüm nəticələrindən biri yaradılan infrastrukturun gələcəkdə də futbolun inkişafına xidmət etməsidir. Xüsusilə Hövsan Futbol Kompleksi gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına, akademiyaların fəaliyyətinə, seleksiya proqramlarına və müxtəlif yaş qruplarının hazırlığına töhfə verə biləcək baza kimi əhəmiyyətlidir.
U-15 Dünya Çempionatı Azərbaycan futbolunun aşağı yaş qruplarında inkişafı üçün də yeni imkanlar yaradıb. Qarşıda 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək FIFA U-20 Dünya Çempionatı var. 24 milli komandanın iştirakı nəzərdə tutulan bu turnir ölkəmizin beynəlxalq futbol tədbirlərinin təşkilində təcrübəsini daha da genişləndirəcək.

Bu təcrübə Azərbaycan futbolunun gələcək inkişafına, uşaq və yeniyetmə idmanının genişlənməsinə, yeni istedadların üzə çıxmasına töhfə verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə