Məktəbdə uşaqların rəqabət mühitində böyüməsi hansı psixoloji nəticələrə gətirir? - PSİXOLOQ AÇIQLADI

Məktəbdə uşaqların rəqabət mühitində böyüməsi hansı psixoloji nəticələrə gətirir? - PSİXOLOQ AÇIQLADI

Məktəbdə sağlam rəqabət müəyyən qədər uşağın inkişafına müsbət təsir göstərə bilər. Uşaq özünü sınamağı, məqsəd qoymağı və zəhmət çəkməyi öyrənir. Amma rəqabət uşağın həyatında həddindən artıq ön plana çıxanda, artıq onun psixoloji vəziyyətinə mənfi təsir etməyə başlayır.

Bu sözləri SİA-ya psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, bu gün məktəblərdə tez-tez qiymət yarışı, olimpiadalar, sinif birinciliyi və “ən yaxşı olmalısan” düşüncəsi ilə qarşılaşırıq:

“Xüsusilə valideynlərin yüksək gözləntiləri uşağın üzərində əlavə təzyiq yarada bilər. Belə bir mühitdə uşaq bəzən öyrənmək üçün deyil, sadəcə uğursuz görünməmək üçün çalışmağa başlayır.

Bunun ən ciddi nəticələrindən biri uğursuzluq qorxusudur. Uşaq səhv etməyi normal inkişaf prosesinin bir hissəsi kimi yox, öz dəyərinin azalması kimi qəbul edə bilər. Məsələn, aşağı qiymət alan uşaq “Mən bu fəndə zəifəm” demək əvəzinə, “Mən bacarıqsızam” kimi düşünə bilər. Bu isə zamanla özünəinamın azalmasına, narahatlığa və yüksək stressə səbəb ola bilər.

Digər bir məqam odur ki, davamlı müqayisə uşaqlarda özünü başqalarının nəticələri üzərindən dəyərləndirmək vərdişi yaradır. “Kim birincidir?”, “Kim daha yüksək bal aldı?” sualları ön plana keçəndə, uşağın fərdi inkişafı və öz potensialı arxa planda qala bilir.
Valideynlərin burada rolu xüsusilə vacibdir. Uşağın yalnız nəticəsini deyil, göstərdiyi səyi, prosesdə öyrəndiklərini və çətinliklərin öhdəsindən gəlmək bacarığını da qiymətləndirmək lazımdır. Uşaq bilməlidir ki, onun dəyəri təkcə aldığı qiymət və ya qazandığı yer ilə müəyyən olunmur.

Məncə, məktəbdə əsas məqsəd uşaqları bir-biri ilə daim yarışdırmaq yox, onların hər birinin öz potensialını inkişaf etdirməsinə şərait yaratmaq olmalıdır. Sağlam rəqabət motivasiya verə bilər, amma uşağın psixoloji sağlamlığı və özünə münasibəti hər zaman nəticədən daha önəmli olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə