“Zəfər Günü Azərbaycanın beynəlxalq nüfuzunu və regional mövqeyini gücləndirdi” - MİLLƏT VƏKİLİ

“Zəfər Günü Azərbaycanın beynəlxalq nüfuzunu və regional mövqeyini gücləndirdi” - MİLLƏT VƏKİLİ

“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və suverenlik uğrunda mübarizəsinin tarixi təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Qələbə yalnız hərbi uğur deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini əsaslı şəkildə gücləndirən siyasi və geostrateji dönüş nöqtəsidir”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan təxminən otuz il ərzində ərazilərinin işğalı ilə üzləşdi:

”BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin əsas tələbləri yerinə yetirilmədi. Beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalması və ikili standartlar probleminin davam etməsi Azərbaycanı öz ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli addımlar atmaq zərurəti ilə üz-üzə qoydu.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin, güclü dövlət institutlarının, müasir ordu quruculuğunun və müstəqil siyasi iradəsinin nəticəsi oldu. Şuşanın azad edilməsi isə bu mübarizənin həm hərbi-strateji, həm də mənəvi zirvəsinə çevrildi.

Zəfərin ən mühüm siyasi nəticələrindən biri Cənubi Qafqazda yeni regional reallıqların formalaşmasıdır. Azərbaycan 2023-cü ildə bütün ərazisində suverenliyini təmin etməklə dövlət hakimiyyətinin vahid hüquqi məkan daxilində həyata keçirilməsinə nail oldu. Bununla da ölkəmizin regional təhlükəsizlik və siyasi proseslərdəki mövqeyi daha da möhkəmləndi.

Tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzuna da mühüm təsir göstərdi. Ölkəmiz öz milli maraqlarını müdafiə etmək, strateji məqsədlərinə nail olmaq və müstəqil qərarlar qəbul etmək qabiliyyətini nümayiş etdirdi. Bu gün Azərbaycan enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və regional iqtisadi əməkdaşlıq sahələrində mühüm tərəfdaş kimi çıxış edir.

Eyni zamanda, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi potensialını və uzunmüddətli inkişaf strategiyasını nümayiş etdirir. Böyük Qayıdış proqramı tarixi Qələbənin sosial-iqtisadi nəticələrinin real həyata keçirilməsidir.

Azərbaycanın gücü ondadır ki, hərbi Qələbəni davamlı qarşıdurma siyasətinə deyil, suverenliyə və qarşılıqlı ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan sülh gündəliyinə yönəldib. Bu yanaşma ölkəmizin regional sabitlikdə məsuliyyətli və təşəbbüskar mövqeyini nümayiş etdirir.

Zəfər Günü həm də gələcək nəsillərə ünvanlanan dövlətçilik mesajıdır: müstəqillik, suverenlik və ərazi bütövlüyü xalqın milli birliyi, güclü iqtisadiyyat, qüdrətli ordu və qətiyyətli siyasi rəhbərliklə qorunur.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbə Azərbaycanın beynəlxalq münasibətlərdə öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və regional proseslərin formalaşmasında fəal iştirak edən dövlət kimi mövqeyini gücləndirdi.

8 Noyabr yalnız keçmişin möhtəşəm Qələbəsi deyil, Azərbaycanın gələcək siyasi qüdrətinin, iqtisadi inkişafının və müstəqil dövlətçilik yolunun sarsılmaz rəmzidir. Bu Zəfər Azərbaycan xalqının iradəsinin heç bir xarici təzyiq qarşısında sınmadığını bütün dünyaya nümayiş etdirdi.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə