"Çoxları elektron siqareti siqaretin təhlükəsiz əvəzi sayır. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, hər iki məhsul sağlamlıq üçün zərərlidir və ən təhlükəsiz yol heç birindən istifadə etməməkdir. Pulmonoloq kimi tövsiyəm budur: elektron siqareti siqaret qədər təhlükəli qəbul edin".
Bu sözləri SİA-ya açıqlamasında Pulmonoloq Şahin Məmmədov deyib.
.jpg)
Pulmonoloqun sözlərinə görə, niyə siqaret qədər ciddi qəbul edilməlidir?
* Eyni asılılıq: elektron siqaretdəki nikotin siqaretdəki kimi güclü asılılıq yaradır, ürək döyüntüsünü və qan təzyiqini artırır. Yeniyetmələrdə isə beyin inkişafına zərər verir.
* Ağciyərlərə zərər: tənəffüs yollarını qıcıqlandırır. Öskürək, xırıltılı tənəffüs və bronxit əlamətləri yarana, astma tutmaları arta bilər.
* XOAX riski: 2025-ci ildə dərc olunmuş, 249 min nəfəri əhatə edən araşdırmada yalnız elektron siqaret çəkənlərdə də xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) riskinin artdığı müşahidə olunub.
* Zəhərli maddələr: qızdırılma zamanı formaldehid və akrolein yarana, qızdırıcı spiraldan metal hissəcikləri ayrıla bilər. Aromatizatorların nəfəslə alındıqda təhlükəsiz olduğu sübut olunmayıb.
* Kəskin ağciyər zədələnməsi (EVALI): 2019–2020-ci illərdə ABŞ-da 2800-dən çox ağır hal, o cümlədən 68 ölüm qeydə alınıb. Halların çoxu qeyri-rəsmi mənbədən alınan, tərkibində THC (marixuananın aktiv maddəsi) olan mayelərlə bağlı idi.
* İkili istifadə: çoxları siqareti atmır, hər ikisini birlikdə çəkir. ÜST-ə görə, bu, siqaret çəkmək qədər, ehtimal ki, ondan da təhlükəlidir.
* Uzunmüddətli təsirlər məlum deyil: XOAX və ağciyər xərçəngi onilliklər ərzində formalaşır, elektron siqaretlər isə cəmi 10–15 ildir geniş yayılıb. Yəni “daha az zərərli” iddiası uzunmüddətli araşdırmalarla sübut olunmayıb.
Nə etməli?
* Siqaret çəkmirsinizsə, elektron siqaretə başlamayın.
* Siqareti elektron siqaretlə əvəz etmək həll yolu deyil: ÜST və Avropa Respirator Cəmiyyəti onu tərgitmə vasitəsi kimi tövsiyə etmir. Tərgitməyin etibarlı yolu həkim məsləhəti və dərman müalicəsidir.
* Öskürək, nəfəs darlığı və ya sinədə ağrı yaranarsa, gecikmədən pulmonoloqa müraciət edin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB