""Sabah"ın qarşısında çətin rəqiblər olsa da, xal qazanmaq imkanı var" - EKSPERT
"“Sabah” futbol klubunun Çempionlar Liqasında ölkəmizi təmsil etməsi böyük hadisədir. Nəzərə alsaq ki, komanda kifayət qədər gəncdir və qısa müddət ərzində belə uğurlar əldə edib, bu, həm klub, həm komanda, həm də Azərbaycan adına böyük nailiyyətdir".
Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.

Onun sözlərinə görə, komandanın keçirdiyi oyunlara nəzər salsaq, onun düşdüyü qrupun kifayət qədər çətin olduğunu görərik. Çempionlar Liqasında sıradan komandalar iştirak etmir. Burada öz ölkələrinin çempionları və güclü klubları mübarizə aparırlar. Qrupda İngiltərə, İtaliya və İspaniya klublarının yer alması bunu bir daha göstərir:
"Bu ölkələr dünya futbolunun aparıcı dövlətləri hesab olunur. Bundan başqa, Norveç və Çexiya komandaları da var ki, onlardan xal qazanmaq mümkündür.
Bu baxımdan, “Sabah”ın Çexiya komandası üzərində qazandığı üç xal çox vacib idi. Bununla belə, qarşıdakı oyunlarda da xal qazanmaq ehtimalı var. “Sabah” digər iki oyunda məğlub olsa da, nümayiş etdirdiyi oyun səviyyəsi bizə inamla deməyə əsas verir ki, komanda qarşıdakı görüşlərdə də xal qazanmaq üçün mübarizə aparacaq.
Təbii ki, eyni vaxtda Çempionlar Liqasında, ölkə çempionatında və kubokda mübarizə aparmaq futbolçular üçün ciddi fiziki yük yaradır. Belə bir vəziyyətdə əsas məqamlardan biri futbolçu resurslarının qorunmasıdır. Zədələrin və cəzalı vəziyyətlərin mümkün qədər az olması komandanın xeyrinə işləyə bilər. Çünki bu səviyyədə keçirilən oyunlarda hər bir futbolçu komanda üçün vacibdir və hər hansı oyunçunun sıradan çıxması komandanın balansına təsir göstərə bilər.
Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında iştirak zamanı rotasiya və futbolçuların istirahəti də mühüm əhəmiyyət daşıyır. Bütün futbolçuların üzərinə bərabər yük düşməsi və onların fiziki vəziyyətinin qorunması vacibdir.
Oyun planına gəlincə, hansı rəqibə qarşı hansı taktikanın və oyun üslubunun seçiləcəyini, əlbəttə, məşqçilər korpusu daha yaxşı bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB