Ali qəbul sistemi hansı dəyişikliklərə ehtiyac duyur? - TƏHSİL EKSPERTİ

Ali qəbul sistemi hansı dəyişikliklərə ehtiyac duyur? - TƏHSİL EKSPERTİ

"Artıq qloballaşan dünyanın özünəməxsus tələbləri var. Süni intellekt və yüksək texnologiyalar dövründə bəzi dəyişikliklərin edilməsi, əlbəttə ki, qaçılmazdır. Xüsusilə qəbul imtahanlarında fənlərin sayının çoxluğu istər valideynlər üçün maddi yük baxımından çətinlik yaradır, istərsə də abituriyentlər üçün beş-altı fəndən universitetə hazırlaşmaq ciddi yük tələb edir. Bu da uşaqların müəyyən qədər çətin qəbul prosesindən keçməsinə səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, bu istiqamətdə, əlbəttə ki, həm imtahanların müasir dövrə uyğun olaraq beynəlxalq imtahanlara uyğunlaşdırılması, həm də sadələşdirilməsi mütləqdir. Xüsusilə beş-altı fəndən ibarət qəbul imtahanlarında fənlərin sayını azaltmaq, buraxılış və blok imtahanlarını birləşdirmək, sualların sayını azaltmaq abituriyentləri rahatlaşdıracaq. Çünki qəbul prosesi çətinləşdiyi və ağırlaşdığı təqdirdə bu, abituriyentlərin daha çox stresə düşməsinə səbəb olur. Beş-altı fəndən hazırlaşan abituriyent yüksək templə hazırlaşır və universitetə qəbul olduqdan sonra onda müəyyən yorğunluq yaranır:

"Beynəlxalq təcrübəyə baxdıqda, dünyada xüsusilə universitetlərə qəbul prosesinin asanlaşdırılması, orta məktəb nəticələrinin qəbulda nəzərə alınması və qəbulun sadə olması, lakin universitetə qəbul olunduqdan sonra təhsil prosesinin çətinləşdirilməsi və kadr hazırlığı istiqamətinə yönəlməsi müşahidə olunur. Bizdə də belə olmalıdır. Bir fəndən sertifikasiya imtahanında iştirak edən və illərlə həmin ixtisası tədris edən müəllim bəzən 50 faizlik nəticəni toplaya bilmirsə, 11-ci sinif şagirdindən universitetə qəbul prosesində 5-ci sinifdən 11-ci sinfə qədər olan bütün mövzuları tələb etmək çox çətindir və uşağa ciddi ağır yük yükləyir. Həqiqətən də bu yükün altında əzilən çoxlu uşaqlar var. İllərlə stresə düşən uşaqları və çətinlik yaşayan ailələri görürük. Ona görə də qəbul prosesi sadələşdirilməlidir.

Bu istiqamətdə buraxılış və blok imtahanlarının birləşdirilməsinin tərəfdarıyam. Blok imtahanında buraxılış imtahanında olan fənlər üzrə təkrar imtahan verməyə ehtiyac yoxdur. Buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və xarici dil mütləq olmalıdır. Bunlar əsas fənlərdir və beynəlxalq təcrübənin tələbinə uyğun olaraq uşaqlar dil bilməlidirlər. Bununla yanaşı, ixtisas qruplarına uyğun olaraq bir fənn əlavə olunsa, tam kifayət edər. Məsələn, birinci ixtisas qrupunda kimya altqrupunda kimyanı, informatika altqrupunda informatikanı, həmçinin mühəndislik sahəsində yeni açılan fizika altqrupunda fizikanı, ikinci qrupda coğrafiyanı, üçüncü qrupda tarixi, dördüncü qrupda biologiyanı seçə bilərik. Bu formada qəbul prosesini tənzimləyib sualların sayını azaldaraq, əsasən tətbiqə yönəlmiş suallar tərtib etmək olar. Test mərhələsi bəzən əzbərçiliyə daha çox üstünlük verir. Test mərhələsi ilə yanaşı, mövcud qəbul imtahanında tətbiqə yönələn suallar, mətn sualları, yazılı suallar, esse tipli suallar, inşa formasında suallar və mətnlərə əsaslanaraq müəyyən təfəkkür tələb edən suallar da var.

Bununla belə, hazırda bir əskikliyimiz var: uşaqlarda danışıq, düşünmə və dinləmə qabiliyyətləri ilə bağlı qiymətləndirməni həyata keçirə bilmirik. Bu bacarıqların qiymətləndirilməsi də imtahanlarda nəzərə alınmalıdır. Bu qənaətə tədrisi ingilis dilində olan ixtisaslara qəbul prosesindəki vəziyyətdən gəlirəm. Uşaqlarımız müvafiq balı topladıqdan sonra tədrisi ingilis dilində olan ixtisaslara rahat qəbul olunurlar. İngilis dilini qrammatik qaydalar əsasında öyrənən şagird tədrisi ingilis dilində olan ixtisaslarda təhsil almağa başladıqda müəllim bütün bilikləri ingilis dilində izah edir, dərsi aparır və sual-cavabı da ingilis dilində tələb edir. Əgər uşağın danışıq qabiliyyəti yoxdursa, dinləmə potensialı zəifdirsə və yazı problemi varsa, o, tədrisi ingilis dilində olan ixtisaslarda ciddi əziyyət çəkməyə başlayır. Müəllim də auditoriyanın vəziyyətini nəzərə alaraq biliyin kifayət etmədiyini görür və ingilis dilinə keçməməyə başlayır. Nəticədə tədrisi ingilis dilində olan ixtisaslarımız bir çox universitetlərdə istənilən səviyyədə tədris olunmur və əksər abituriyentlər bundan şikayətlənirlər.

Buna görə də dinləmə, ifadəetmə, yazma, oxuma və dinləmə qabiliyyətləri ilə bağlı müəyyən suallar tərtib olunmalı, şagirdlərin biliyi qiymətləndirilməlidir. Əgər bu bilik tədrisi ingilis dilində olan ixtisaslar üçün kifayət etmirsə, həmin ixtisaslarda müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Ümumilikdə, qəbul prosesinin sadələşdirilməsi və universitet təhsili dövrünün daha ciddi, tələbkar və keyfiyyətli olması tərəfdarıyam".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə