Tbilisidə 11 ölkənin iştirakı ilə “Silk Road – Imprints in Motion” beynəlxalq sərgisi açılıb

Tbilisidə 11 ölkənin iştirakı ilə “Silk Road – Imprints in Motion” beynəlxalq sərgisi açılıb

Bu gün Tbilisidəki Müasir İncəsənət Muzeyində (MoMA Tbilisi) “Silk Road – Imprints in Motion” adlı beynəlxalq incəsənət sərgisi açılıb.

SİA xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İtaliya, Çin, İran və Hindistan olmaqla, ümumilikdə 11 ölkə təmsil olunur.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Faiq Quliyev bu kimi beynəlxalq mədəniyyət təşəbbüslərinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və humanitar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan sərgidə multimedia rəssamı, fotoqraf, kinorejissor və kurator Sitarə İbrahimbəylinin əsərləri ilə təmsil olunur.

Sərginin özəlliyi müxtəlif ölkələrin incəsənət nümunələrinin ənənəvi kommersiya stendləri əvəzinə vahid kurator yanaşması əsasında təşkil olunmuş muzey məkanında təqdim edilməsidir. Bu format ziyarətçilərə və kolleksiyaçılara iştirakçı ölkələrin bədii mədəniyyəti ilə yaxından tanış olmaq, seçilmiş əsərləri kəşf etmək və əldə etmək imkanı yaradır.

“Silk Road – Imprints in Motion” sərgisi mədəniyyət və incəsənət nümayəndələri arasında yaradıcılıq mübadiləsi və əməkdaşlıq üçün beynəlxalq platforma olmaqla, incəsənətin xalqları birləşdirən mühüm vasitə rolunu nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə