Plastik qablarda yemək saxlamaq hansı hallarda sağlamlıq üçün təhlükəli ola bilər? - EKSPERT DANIŞDI
“Plastik qabların rahatlığı, daşınmasının asan olması və birdəfəlik istifadə imkanları onların gündəlik həyatda geniş yayılmasına səbəb olub. Lakin bütün plastik qabları zərərli hesab etmək düzgün deyil. Əsas məsələ bu qablardan necə, hansı temperaturda və nə qədər müddət ərzində istifadə edilməsidir”.
Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
O qeyd edib ki, diqqət yetirilməli əsas məqamlardan biri qida ilə təmasda olan plastik materialların tərkibindəki bəzi kimyəvi maddələrin qidaya miqrasiya etməsi, yəni keçməsidir:
”Xüsusilə yüksək temperatura məruz qaldıqda plastik materiallardan mikroplastik hissəciklərin və bəzi kimyəvi maddələrin qidaya keçməsi mümkündür. Bu maddələr isə qida vasitəsilə orqanizmə daxil ola bilər.
Mütəxəssisin sözlərinə görə, plastikin növünə, temperatur rejiminə, qidanın tərkibinə, onun qabda nə qədər müddət saxlanılmasına və qabın vəziyyətinə diqqət yetirilməlidir. Təkrar istifadə üçün nəzərdə tutulan plastik qabların düzgün saxlanılması da vacibdir.
O bildirib ki, isti yeməyi plastik qaba qoyarkən xüsusilə diqqətli olmaq lazımdır. Yüksək temperatur plastik hissəciklərin və bəzi kimyəvi maddələrin qidaya keçməsini sürətləndirə bilər. Yağlı və turşulu qidalarda isə bu təsirlər fərqli ola bilər. Turşulu mühit və yüksək temperatur bəzi plastik materiallarla qarşılıqlı təsirə girərək onların tərkibində dəyişikliklərə səbəb ola bilər.
M.Hüseynova diqqətə çatdırıb ki, bəzi plastik qabların tərkibində bisfenol A (BPA) və ftalatlar kimi maddələr ola bilər. Bu maddələrin olmadığı, yəni üzərində BPA-free qeyd edilən qablar müəyyən baxımdan daha münasib seçim hesab oluna bilər. Lakin bu, həmin qabların istənilən temperaturda və istənilən məqsədlə istifadəsinin təhlükəsiz olduğu anlamına gəlmir.
Mikrodalğalı sobada qida qızdırarkən də diqqətli olmağın vacibliyini vurğulayan mütəxəssis bildirib ki, bu sobada temperatur qidanın bütün hissələrinə bərabər paylanmaya bilər. Bəzi hissələr həddindən artıq qıza, digərləri isə nisbətən soyuq qala bilər. Buna görə də qidanı adi plastik qabda mikrodalğalı sobada qızdırmaq tövsiyə olunmur.
Onun sözlərinə görə, plastik qabdan istifadə ediləcəksə, onun mütləq mikrodalğalı soba üçün nəzərdə tutulduğuna əmin olmaq lazımdır. Əks halda kimyəvi maddələrin qidaya keçməsi, qabın əriməsi və ya formasının dəyişməsi mümkündür. Bu isə həm qidanın keyfiyyətinə, həm də təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Mütəxəssis hesab edir ki, qidaların saxlanılması və qızdırılması üçün əsasən şüşə qablardan istifadə olunması daha məqsədəuyğundur. Mikrodalğalı sobada qida qızdırılarkən üzərində müxtəlif boyalarla bəzək olmayan, bu məqsəd üçün uyğun şüşə qablara üstünlük verilməsi tövsiyə edilir. Paslanmayan polad qablar da qidanın saxlanılması üçün alternativ ola bilər, lakin onları mikrodalğalı sobada istifadə etmək olmaz.
Digər mühüm məqamın qidaların soyuducuda uzun müddət saxlanılması ilə bağlı olduğunu bildirən M.Hüseynova isti yeməkləri birbaşa plastik qablara yerləşdirməyin məsləhət görülmədiyini qeyd edib. Onun fikrincə, plastik qablar daha çox qidaların qısa məsafəyə daşınması və qısa müddət ərzində saxlanılması üçün istifadə edilməlidir.
O, həmçinin çızılmış, qırılmış, çatlamış, rəngi və ya quruluşu dəyişmiş plastik qablardan istifadə etməyin düzgün olmadığını vurğulayıb. Bildirib ki, bəzən müxtəlif qida məhsullarının, məsələn, dondurma, qatıq və marqarin qablarından başqa qidaları qızdırmaq və ya uzun müddət saxlamaq üçün də istifadə olunur. Halbuki bu qablar hər zaman təkrar istifadə və ya qızdırma üçün nəzərdə tutulmur. Buna görə də belə hallara yol verilməməsi daha yaxşıdır.
M.Hüseynova əlavə edib ki, plastik qabdan istifadə ediləcəksə, onun üzərindəki işarələrə diqqət yetirilməli, BPA-free qeydinin olub-olmadığı yoxlanılmalı və keyfiyyətli məhsullara üstünlük verilməlidir. Bununla belə, BPA-free yazısı olan qabların da isti qidalarla istifadəsi avtomatik olaraq təhlükəsiz hesab edilə bilməz. Çünki sağlamlığımızla bağlı qərarları yalnız qısamüddətli rahatlığı nəzərə alaraq verməməliyik. Uzunmüddətli perspektivdə sağlamlığımızı düşünərək davranmalıyıq.
Mütəxəssisin sözlərinə görə, plastik qabın təhlükəsizliyi yalnız onun hazırlandığı materialdan deyil, həm də hansı məqsədlə istehsal olunmasından asılıdır. Soyuducuda istifadə üçün uyğun olan qabın isti yeməyi saxlamaq və ya mikrodalğalı sobada qızdırmaq üçün də yararlı olduğunu düşünmək düzgün deyil. Buna görə hər bir qidanı ona uyğun qabda və müvafiq temperatur rejimində saxlamaq vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB