Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

Mətləb Salahov: "Son günlər İrəvanda Azərbaycandan qaz alışı barədə səslər getdikcə çoxalmağa başlayıb"

“Ermənistan rəhbərliyi Vaşinqtonda imzalanan Sülh Bəyannaməsinin davamı olaraq bölgədə kommunikasiya inteqrasiyası və iqtisadi əməkdaşlığa hədəflənən TRIPP (“Tramp marşrutu”) layihəsini işə saldıqlarını bəyan ediblər. Nikol Paşinyan şəxsən artıq Ermənistan tərəfinin TRIPP layihəsi üzrə tələb olunan işlərin başlandığını parlament kürsüsündə bəyan edib. Bu, bir sıra məqamlara görə müxtəlif şəkildə qiymətləndirilməlidir. Bir yandan qeyd etdiyimiz kimi, bu layihə bölgədə müharibə əvəzinə sülh və iqtisadi inteqrasiya üçün vacib prosesdir. Ticarət və iqtisadi tərəfdaşlıq olan yerdə, əlbəttə, müharibəyə yer yoxdur. Amma bu layihə Ermənistan üçün olduqca həyati əhəmiyyət daşıyır. Dünənə qədər bölgədə yoxsulluq və sosial fəlakət girdabında olan rəsmi İrəvan, artıq Azərbaycanın da humanist addımları sayəsində “quyunun dibindən” çıxmağa başlayıb. TRIPP layihəsi Ermənistanı daha sürətli iqtisadi inteqrasiyaya aparır ki, bu da İrəvandakılar üçün əsl həyat pəncərəsidir. Bəs biz nə qazanacağıq bu layihədən? – bax, əsas məsələ budur”.

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ermənistan üçün həyati əhəmiyyət daşıyan, daha çox kommunikasiya bloklarına qoşulma, Avropa bazarlarına çıxış üçün vacib layihə sayılan bu məsələdə Azərbaycan da kifayət qədər qazanclı imkanlara sahib olacaq. “İlk olaraq ondan başlayaq ki, bu layihə mahiyyət etibarilə Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə, xüsusilə ABŞ-nin dəstəyi ilə reallaşdırılan çoxtərəfli modelidir. Bundan başqa, layihənin Azərbaycan üçün ən strateji faydası, ölkənin əsas hissəsini onun ayrılmaz tərkibi olan Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən (Sünik/Zəngəzur bölgəsindən) keçməklə maneəsiz dəmir yolu və avtomobil yolu vasitəsilə birləşdirməsidir. Bu, olduqca mühüm məsələdir. Daha vacib bir məqam isə, TRIPP sayəsində Azərbaycan Mərkəzi Asiya və Xəzər regionunun zəngin resurslarını birbaşa Türkiyə və Avropaya bağlayan genişləndirilmiş Trans-Xəzər Ticarət Marşrutunun (Orta Dəhliz) əsas mərkəzinə çevrilir. Bu isə ölkənin tranzit potensialını və logistik gəlirlərini kəskin artırır.

TRIPP layihəsi həm də Ermənistanın Azərbaycanla iqtisadi inteqrasiyası və enerji alışı barədə də yeni imkanlar açır. Son günlər İrəvanda Azərbaycandan qaz alışı barədə səslər getdikcə çoxalmağa başlayıb. Artıq həm erməni cəmiyyəti, həm də Ermənistan hökumətinin üzvləri Türkiyə və Azərbaycandan enerji alışı barədə məntiqli fikirlər səsləndirir, bunun İrəvanı Rusiyanın enerji boyunduruğundan xilas edəcəyini irəli sürürlər. Onların fikrincə, gələcəkdə Azərbaycan qazının TRIPP layihəsi çərçivəsində planlaşdırılan yeni boru kəməri vasitəsilə də tədarükü mümkündür. Belə görünür ki, Ermənistan rəhbərləri TRIPP layihəsinə böyük ümid bəsləyirlər. Çox güman ki, biz yaxın zamanlarda Ermənistanın Rusiyadan mavi qaz asılılığını bitirmək üçün Azərbaycanla təmaslara keçməsini görə biləcəyik. Çünki bu layihə reallaşarsa, bölgədə olduqca aktiv iqtisadi inteqrasiya və yeni siyasi mərhələ gözlənilir”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə