Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər.
SİA xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq etmiş veteran əməkdaşlar - Məmmədov Çingiz Yavər oğlunun 75, Seyidov Əziz Cəfər oğlunun isə 70 illik yubileylərinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Baş prokuror çıxışında veteranları əlamətdar yubileyləri münasibətilə təbrik edərək onların uzunillik və səmərəli xidmətlərinin prokurorluq orqanlarının formalaşması və inkişafında, qanunçuluğun möhkəmləndirilməsində, dövlət və cəmiyyət qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, prokurorluq əməkdaşlarının peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirmələrinin gənc əməkdaşlar üçün də mühüm örnək olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra Baş prokuror tərəfindən yubilyarlara “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.
Veteran prokurorluq işçiləri çıxışlarında uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyin onlar üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildiriblər. Onlar prokurorluq sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları, istintaq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları, ağır və mürəkkəb cinayət işlərinin araşdırılmasında əldə olunan müsbət nəticələri, habelə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunun yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işləri məmnunluqla qeyd ediblər. Veteranlar, həmçinin qurumun rəhbərliyi tərəfindən keçmiş əməkdaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yubiley medalları ilə təltif olunmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə, həmçinin, Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Nazim Rəcəbov, eləcə də digər iştirakçılar çıxış edərək yubilyarları təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıblar.
Görüş zamanı iştirakçılar prokurorluq orqanlarında xidmət dövrünə dair xatirələrini bölüşüb, fikir mübadiləsi aparıb və sonda xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB