"Bu, milli sənət ənənələrinin gələcək nəsillərə ötürülməsinə göstərilən dövlət qayğısının aydın sübutudur" - ŞƏRH

"Bu, milli sənət ənənələrinin gələcək nəsillərə ötürülməsinə göstərilən dövlət qayğısının aydın sübutudur" - ŞƏRH

"Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etməsi, ilk növbədə, dövlətin milli incəsənətə, zəngin mənəvi-mədəni irsimizə və bu irsi öz yaradıcılığı ilə yaşadan sənətkarlara verdiyi yüksək qiymətin bariz nümunəsidir. Ölkə rəhbərliyinin bu əlamətdar mədəniyyət hadisəsində şəxsən iştirakı yalnız görkəmli rəssam Fərhad Xəlilovun çoxillik yaradıcılığına göstərilən ehtiramın ifadəsi deyil, eyni zamanda, Azərbaycanın təsviri sənət ənənələrinin qorunması, inkişafı və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinə verilən önəmin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan bu zəngin və genişmiqyaslı sərgi təkcə Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş tədbir deyil, bütövlükdə Azərbaycan rəngkarlıq sənətinin zənginliyini, Abşeron rəssamlıq məktəbinin özünəməxsus bədii-estetik xüsusiyyətlərini və milli təsviri sənətimizin inkişaf yolunu nümayiş etdirən mühüm mədəniyyət hadisəsidir:

"Rəssamın yaradıcılığında Azərbaycan təbiətinin, Xəzərin, Abşeron torpağının və milli yaddaşın bədii ifadəsi xüsusi yer tutur. Onun əsərləri milli ənənələrlə müasir bədii düşüncənin vəhdətini əks etdirərək Azərbaycan incəsənətinin inkişafına verilən dəyərli töhfə kimi seçilir.

Xüsusilə vurğulanmalıdır ki, dövlət rəhbərliyinin bu cür mədəniyyət tədbirlərində iştirakı Azərbaycanda incəsənətə və yaradıcı insanlara göstərilən ardıcıl dövlət qayğısının mühüm təzahürüdür. Milli mədəniyyətin qorunması yalnız tarixi irsin mühafizəsi deyil, həm də görkəmli sənətkarların yaradıcılığının tanıdılması, sənət ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdikləri diqqət Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və beynəlxalq mədəni nüfuzunun güclənməsinə xidmət edir.

Belə yüksək səviyyəli mədəniyyət tədbirlərinin keçirilməsi və ölkə rəhbərliyinin orada şəxsən iştirakı cəmiyyətdə, xüsusilə gənc nəsildə milli sənət irsinə marağın artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Gənclərin görkəmli sənətkarların yaradıcılığı ilə yaxından tanış olması, milli incəsənətin estetik və mənəvi dəyərlərini mənimsəməsi onların milli kimliyə və mədəni irsə bağlılığının möhkəmlənməsinə töhfə verir.

Bu ziyarət sadəcə sərgi ilə tanışlıq deyil, Azərbaycanın milli mədəniyyətinə, təsviri sənətinə və sənət adamlarına verilən yüksək dəyərin ifadəsidir. Eyni zamanda, ölkəmizdə mədəni irsin qorunmasına, tarixi varisliyin yaşadılmasına və milli sənət ənənələrinin gələcək nəsillərə ötürülməsinə göstərilən dövlət qayğısının aydın sübutudur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə