Parlament İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Parlament İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Qarabağ Zəfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etməklə yanaşı, Cənubi Qafqazda davamlı sülh və sabitliyin qurulması üçün də tarixi imkan yaradıb.

SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin mahiyyəti dörd fundamental anlayışla – ədalət, dövlətçilik, hüquq və quruculuqla ifadə oluna bilər.

Spiker qeyd edib ki, ədalət anlayışı Azərbaycanın torpaqlarının 30 illik işğalına son qoyulması, 8 Noyabr Zəfəri ilə ərazi bütövlüyünün və suverenliyin bərpasına yol açılması, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə ölkə ərazisində qanunsuz rejimin mövcudluğuna son verilməsi ilə bağlıdır.

S.Qafarovanın sözlərinə görə, Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi güclü dövlət quruculuğu siyasətinin nəticəsidir. Siyasi, iqtisadi, diplomatik və hərbi potensialın formalaşdırılması tarixi Qələbənin əldə olunmasını təmin edib. Bu Zəfər xalqın, ordunun və dövlətin birliyinin təcəssümüdür.

O vurğulayıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qərarlarının həyata keçirilməsi beynəlxalq hüququn aliliyinin və dövlətlərin ərazi bütövlüyü prinsipinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Spiker əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının icrası tarixi Qələbənin quruculuq mərhələsini təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasına xidmət edir.

S.Qafarova bildirib ki, tarixi Zəfər regionda möhkəm sülh və sabitliyin təmin olunması üçün də yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin səyləri Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib.

O, çıxışının sonunda tarixi Qələbənin əldə olunmasında xidmətləri olan Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərə minnətdarlığını bildirib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaraq onlara uğurlar arzulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə