Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, təlimin keçirilməsində məqsəd mülki müdafiə planının icra vəziyyətini, xəbərdarlıq və rabitə sistemlərinin etibarlılığını yoxlamaq, eləcə də aidiyyəti qurumların və dəstələrin fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətini əlaqələndirmək və hazırlıq səviyyəsini artırmaq olub.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələrinin, rayon Fövqəladə Hallar Komissiyasının, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının, rayonun mülki müdafiə xidmətlərinin, ərazi və obyekt mülki müdafiə dəstələrinin nümayəndələri, həmçinin aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə məsul şəxslər iştirak ediblər.

Təlimin planına uyğun olaraq, Sədərək rayonunda şərti zəlzələ baş verib. Nəticədə ərazidə dağıntılar yaranıb, şərti olaraq ölən və xəsarət alan şəxslər olub.

Plana əsasən, ilk olaraq qərargahda müşavirə keçirilib. Daha sonra hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hadisə barədə xəbərdar edilərək xəbərdarlıq və toplanış siqnalı ilə qaldırılıb, müəyyən olunan toplanış məntəqəsinə hərəkət ediblər.

Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin təşkili, eləcə də əməliyyat qərargahının fəaliyyəti praktiki şəkildə məşq etdirilib. Yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

İlkin mərhələdə hadisə yerinə texnikanın və qüvvələrin hərəkətini təmin etmək məqsədilə uçqun nəticəsində dağılan yolun bərpası işləri aparılıb, ərazidə ilkin baxış və kəşfiyyat tədbirləri həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təşkil edilib, kənar şəxslərin əraziyə daxil olmasının qarşısı alınıb.

Daha sonra şərti yanğınlar söndürülüb, xəsarət alan şəxslərin təxliyəsi həyata keçirilib. Dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onların səhiyyə müəssisələrinə çatdırılması təmin edilib.

Bununla yanaşı, qəzalı vəziyyətə düşmüş elektrik, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb, ərazidə epidemiya əleyhinə tədbirlər həyata keçirilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 179 nəfər şəxsi heyət və 29 ədəd texnika cəlb olunub.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə